...

Prezident İlham Əliyev: Çexiya ilə Azərbaycan arasındakı əlaqələr çox dinamik şəkildə inkişaf edir (FOTO)

Siyasət Materials 5 Aprel 2012 23:32 (UTC +04:00)
Çexiya Respublikası ilə Azərbaycan arasındakı əlaqələr çox dinamik şəkildə və sürətlə inkişaf edir. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Çexiya Prezidenti Vatslav Klausla birgə mətbuat konfransında bəyanatla çıxışında deyib.
Prezident İlham Əliyev: Çexiya ilə Azərbaycan arasındakı əlaqələr çox dinamik şəkildə inkişaf edir (FOTO)

Çexiya Respublikası ilə Azərbaycan arasındakı əlaqələr çox dinamik şəkildə və sürətlə inkişaf edir. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Çexiya Prezidenti Vatslav Klausla birgə mətbuat konfransında bəyanatla çıxışında deyib.

"Keçən il Sizin ölkəmizə dövlət səfəriniz və səfər zamanı apardığımız danışıqlar, əldə edilmiş razılaşmalar bugünkü sürətli inkişafı müəyyən etmişdir. Bizim siyasi əlaqələrimiz çox sürətlə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi bunun əyani sübutudur. Keçən illə müqayisədə ticarət dövriyyəmiz bir neçə dəfə artmışdır. Bu da iqtisadi sahədəki uğurlu əməkdaşlıqdan xəbər verir" İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, bu gün imzalanan sənədlər mədəniyyət və turizm sektorunu əhatə edir və beləliklə, humanitar sahədəki əməkdaşlığa da böyük diqqət göstərilir.

"Bu gün, eyni zamanda, regional məsələlərlə, regional təhlükəsizlik məsələləri ilə bağlı biz Sizinlə çox səmimi və geniş söhbət aparmışıq. Azərbaycan Avropa İttifaqı və NATO ilə sıx əməkdaşlıq edir. Biz Çexiya Respublikasının bu əməkdaşlığa verdiyi dəstəyi də həmişə yüksək qiymətləndiririk. Eyni zamanda, bu gün enerji təhlükəsizliyi məsələlərinə də diqqət ayrıldı. Bu sahədə aramızdakı əlaqələr çox sürətlə inkişaf edir. Əminəm ki, gələcəkdə bu inkişafın yeni sahələri də açılacaqdır" dövlət başçısı çıxışında söyləyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfərinin əlaqələrin bundan sonra da inkişafına təkan verəcəyinə əminliyini ifadə edən Çexiya Prezidenti Vatslav Klaus isə dedi:

"Eyni zamanda, onu bildirmək istəyirəm ki, biz görüşümüz zamanı ölkələrimizin daxili siyasi vəziyyəti haqqında bir-birimizə məlumat verdik. Həmçinin məmnunluq hissi ilə bildirmək istəyirəm ki, bir çox beynəlxalq məsələlərlə bağlı mövqelərimiz üst-üstə düşür.
Yekun olaraq qeyd etmək istəyirəm ki, mən Azərbaycan Respublikasının cənab Prezidentini əmin etdim ki, biz Çexiya Respublikası olaraq Azərbaycanın Avropa məkanına inteqrasiya planlarını alqışlayırıq. Bu baxımdan xüsusilə də Avropa ilə münasibətlərdə, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində biz dəstəyimizi verəcəyik və bundan sonra da əlimizdən gələni etməyə hazırıq".

Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.

Çexiya radiosunun müxbiri Dorozinin "Biz bilmək istərdik ki, Azərbaycanda, Azərbaycan iqtisadiyyatında Çexiya şirkətləri üçün hansı sərmayə imkanları vardır" sualına cavabında
Prezident Vatslav Klaus deyib ki, Prezident İlham Əliyevlə söhbəti zamanı bu məsələ təfərrüatı ilə müzakirə edilib.

"Söhbət məhz Çexiya şirkətlərinin Azərbaycanda sərmayə qoymaq və ümumiyyətlə, fəaliyyət göstərmək imkanlarından gedir. Biz məmnunluqla qeyd etdik ki, bundan sonra xüsusi, birgə layihələrin həyata keçirilməsi imkanları mövcuddur, ticarət imkanlarımız da genişləndirilməlidir. Xüsusən də Çexiya şirkətləri mühəndis işlərinin aparılması sahəsində işləyə bilər.
Siz burada, həmçinin ticarət balansına toxundunuz. Mən demək istəyirəm ki, ümumiyyətlə, bu, elə də mütləq deyildir ki, ölkəmizin dünyada bir çox ölkələrlə olan ticarət dövriyyəsi məhz bizim xeyrimizə olsun, yaxud da müsbət istiqamətdə getsin. Əgər fikir versək, bugünkü rəqəmlərə baxsaq görə bilərik ki, Çexiya Respublikasının idxal etdiyi neftin 25 faizi məhz Azərbaycan Respublikasının neftidir. Bu, təbii olaraq, ticarət balansının məhz Azərbaycanın xeyrinə daha çox olduğunu göstərir. Mən bunu tamamilə məntiqi hesab edirəm Klaus əlavə edib.

Prezident İlham Əliyev isə bu suala cavabında bildirib ki, Azərbaycan və Çexiya arasında olan ticarət dövriyyəsi hər iki ölkənin iqtisadi potensialını əks etdirmir.

"Ancaq dinamikaya baxdıqda görərik ki, son bir il ərzində ticarət dövriyyəsi bir neçə dəfə artmışdır.
Mən bu gün söhbət əsnasında qeyd etdim ki, biz Çexiya şirkətlərini Azərbaycanda görmək istəyirik və onların uğurlu fəaliyyəti - istər investor, istər kontraktçı kimi fəaliyyəti üçün lazım olan şəraiti yaratmağa hazırıq.
Azərbaycanda çoxsaylı infrastruktur layihələri icra edilir və Çexiya şirkətlərinin çox gözəl iş təcrübəsi, çox gözəl nüfuzu vardır və biz onları tərəfdaşlarımız arasında görmək istəyirik. Əminəm ki, bu səfərin gözəl nəticələrindən biri də məhz bu olacaqdır" İlham Əliyev suala cavabda qeyd edib.

Azərbaycan Televiziyasının müxbiri Yunis Orucovun "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivini necə görürsünüz" sualına cavabında Prezident Vatslav Klaus bildirib ki, ümumiyyətlə, bu məsələ bizim söhbətimiz zamanı təbii ki, müzakirə olundu.

"Lakin məhz münaqişəyə gəldikdə və onunla bağlı olan vəziyyət hələ mənim ötən il Bakıya səfərim çərçivəsində müzakirə edilmişdir. Biz məsələ ilə bağlı mövcud vəziyyəti yenidən bir daha müzakirə etdik.
İcazənizlə, mən aydın şəkildə sizə bəyan edim. Mən Azərbaycanın mövqeyini yaxşı anlayıram. Təbii ki, mən də tam və qəti olaraq heç cür razılaşa bilməzdim ki, ölkəmin bir hissəsi işğal altında olsun. Amma əfsuslar olsun ki, bu vəziyyətin məhz nizamlanması ilə bağlı mənim hər hansı bir xüsusi, möcüzəli həll variantım yoxdur, təklif edə bilmərəm" Klaus əlavə edib.

"Pravo" qəzetinin müxbri Şvetsin "Suriya məsələsi ilə bağlı Azərbaycanın mövqeyi nədən ibarətdir?" sualına cavabda isə Prezident İlham Əliyev deyib ki, əlbəttə, bu məsələ də müzakirə edildi.

"Çünki qeyd etdiyim kimi, söhbət əsnasında biz beynəlxalq məsələlərə də geniş şəkildə toxunduq. Suriyadakı vəziyyətlə bağlı bizim kifayət qədər açıq və birmənalı mövqeyimiz vardır. Bu mövqe BMT Təhlükəsizlik Şurasındakı səsvermə zamanı da ifadə edilmişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yeni üzvü kimi, Ərəb Liqasının təkliflərini birmənalı şəkildə dəstəkləmişdir və Suriya ilə bağlı qətnamənin qəbul edilməsində fəal rol oynamışdır. Eyni zamanda, biz bəyan etmişdik ki, Kofi Annan planını dəstəkləyirik və bu dəstək çox genişdir. Ümid edirik ki, Suriyadakı vəziyyət tezliklə tənzimlənəcəkdir və günahsız insanların qırılması dayandırılacaqdır" İlham Əliyev deyib..

Azərbaycan Dövlət Teleqraf Agentliyinin müxbiri Albina Altıxanovanın "Azərbaycan-Çexiya münasibətlərini Avropa İttifaqı-Azərbaycan çərçivəsində əməkdaşlıq baxımından necə qiymətləndirirsiniz?" sualına cavab verən Prezident Vatslav Klaus deyib ki, əvvəlcə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramı müsbət bir layihədir.

"Biz həmin layihənin yaradıcılarından biriyik. Eyni zamanda, bildirmək istəyirik ki, Çexiya tərəfi Azərbaycanın həmin proqram çərçivəsində iştirakını geniş şəkildə müzakirə etmişdir. Biz də Azərbaycanın mövqeyini alqışlayırıq ki, bu çərçivədə aparılan əməkdaşlığa müsbət yanaşır. Əgər nəzər yetirsək görərik ki, ümumiyyətlə, tərəfdaşlıq bu proqramın adındadır. Bundan irəli gələrək bu, o deməkdir ki, proqramın məhz məqsədi tərəfdaşlıq aparmaqdır, tərəfdaşlığın baş tutması üçün bütün lazımi şəraitlərin yaradılmasıdır. Bu baxımdan biz görürük ki, bu tərəfdaşlıq Azərbaycanın mövqeyi, maraqları ilə də üst-üstə düşür. Biz Azərbaycanın bu sahədə mövqeyini bilirik. Əminik ki, Azərbaycan bu istiqamətdə qəti addımlarını sonadək davam etdirəcəkdir. Biz Azərbaycanın bu sahədə mövqeyini dəstəkləyirik" o bildirib.

Xəbər lenti

Xəbər lenti