...

Küveytdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü münasibətilə silsilə tədbirlər keçirilib (FOTO)

Siyasət Materials 9 May 2012 14:35 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü münasibətilə Azərbaycanın Küveyt Dövlətindəki səfirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilib.
Küveytdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü münasibətilə silsilə tədbirlər keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 may /Trend/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü münasibətilə Azərbaycanın Küveyt Dövlətindəki səfirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilib.

Səfirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, həmin tədbirlər çərçivəsində mayın 9-da səfirlik və Küveytdə yaşayan və işləyən Azərbaycan Respublikası vətəndaşlarını özündə birləşdirən "Vətənsevər" dostluq cəmiyyəti tərəfindən həmvətənlərimizin, eyni zamanda, Küveyt siyasi-ictimai xadimlərinin və vətəndaşlarının iştirakı ilə səfirliyin akt zalında tədbir keçirilib.

Tədbirin açılışında Azərbaycanın Dövlət himni səsləndirilib, daha sonra səfir Tural Rzayev çıxış edərək ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin əldə olunması, möhkəmləndirilməsi, qorunub-saxlanmasında əvəzsiz rolunu vurğulayıb, təməli ulu öndər tərəfindən qoyulmuş daxili və xarici siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmdə artan nüfuzu barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Azərbaycanın İslam və ərəb dövlətləri, o cümlədən Küveytlə münasibətlərinə toxunuan səfir mövcud olan əlaqələrin qurulması və inkişafında ümummilli liderimizin böyük rolunu vurğulayıb, Prezident İlham Əliyevin 2009-cu ilin fevral ayında Küveytə səfərinin əhəmiyyətini qeyd edib.

Bununla yanaşı, səfirliyin foyesində ümummilli liderin xatirəsinə həsr olunmuş stend tərtib olunub, təbliğat xarakterli materiallar, eyni zamanda, ulu öndərin zəngin həyat və fəaliyyəti barədə sənədli film nümayiş etdirilib.

Elə həmin gün Küveytin geniş oxucu kütləsinə malik, çoxtirajlı "Əl-Ray" qəzetində səfir Rzayevin geniş məqaləsi dərc olunub. Məqalədə Azərbaycan xalqının ümummilli liderinin zəngi həyat və fəaliyyəti işıqlandırılıb, ölkəmizin sosial-iqtisadi inkişafında Heydər Əliyevin mühüm rolu vurğulanmaqla yanaşı, Sovet İttifaqı Siyasi bürosunda yeganə müsəlman lider olan ulu öndərin ərəb və İslam dünyasının dostu kimi, ərəb dünyası problemlərinin ədalətli həllinin əzmli tərəfdarı olması barədə oxuculara ətraflı məlumat verilib.

Məqalədə Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan, bu qayğıkeş insanın böyük xeyriyyəçilik amallarını davam etdirən Heydər Əliyev Fondunun ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələr, həmçinin Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti barədə oxuculara məlumat verilib.

Səfirlik tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində mayın 10-da sabiq SSRİ məkanında təhsil almış, yaxud Sovet İttifaqı respublikaları vətəndaşları ilə ailə qurmuş və hazırda Küveytdə yaşayan və müxtəlif sahələrdə çalışan şəxsləri özündə birləşdirən, beynəlxalq "TİES" mərkəzində Azərbaycan xalqının ümummilli liderinin anadan olmasının 89-cu il dönümü münasibətilə tədbir keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "TİES" Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif olunmuş Küveyt vəqflər və İslam məsələləri nazirinin birinci müavini, ölkəmizin yaxın dostu Dr. Adil Abdullah Əl-Fəlahın himayəsi altında fəaliyyət göstərir.

Göstərilən tədbirdə nazir müavini Dr. A.Əl-Fəlah, səfir Rzayevin ylu öndərin zəngin həyat yolunu əks etdirən çıxışı, Əl-Fəlahın Azərbaycan xalqının ümummilli lideri haqqında ərəb dilində yazdığı, Azərbaycan, ingilis və rus dillərinə tərcümə olunmuş "Heydər Əliyev və milli-mənəvi dəyərlər" kitabının iştirakçılara təqdim olunması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti