Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.Mehdiyev/
Ermənilərin "Səfərov işi" adlı uydurması ermənilər və onların havadarlarının birgə fəaliyyəti barədə çox faktları aşkarladı. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlləri ilə müqayisədə ermənilərin indi aldığı beynəlxalq dəstək xeyli az idi, amma vəziyyət narahatedici səviyyədədir.
"Avropa cəmiyyəti qarşısında ermənilərin "ən tutarlı" arqumenti xristianlıqdır. Bu amil hesabına onlar Qafqaz regionunda müstəsnalıq əldə etmək istəyirlər. Əldə etdikləri əlahiddə statusdan ilk növbədə regionda qarşıdurma yaratmaq üçün istifadə etmək niyyətindədirlər, çünki Ermənistanın təbii resursları yoxdur, coğrafi mövqeyi ona maliyyə vəsaiti qazandıra bilmir. Belə dövlət konfliktogenliyi qazanc mənbəyinə çevirir. Onun konfliktogenliyinin bir çox sahələri mövcuddur, lakin əsas istiqamət dini zəmində qurulmuş konfliktogenlikdir", - Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, Ermənistan Prezidenti Serj Sarkisyan prezident seçildikdən sonra xristian faktorundan istifadə hədsiz çoxalıb. Avropa cəmiyyəti xristianlığa üstün dəyər verir və məhz bu parametrə görə də Ermənistan dəyərləndirilir.
"Reallıqda isə Ermənistan xristian və sivil donuna girmiş araqarışdırandır. Azərbaycanlıları deportasiyaya məruz qoyan, Dağlıq Qarabağın erməniləri ilə azərbaycanlıları arasında dialoqu qadağan edən, Dağlıq Qarabağın bir hissəsindən başqa bir hissəsinə yerdəyişməni mümkünsüz edən, regionda öz marağını əlahiddəlik səviyyəsinə qaldıran Ermənistan sivilizasiyanın, o cümlədən xristianlığın əleyhinə gedir", - Əhmədoğlu deyib.
O, bildirib ki, eləcə də ermənilərin Avropa ilə münasibətlərinin tarixi də onların Avropaya xoş niyyətlə gəlmədiyinin göstəricisidir. Osmanlı İmperiyasında erməni xristianlığı və erməni milləti imperiyanın tərkibində olan bütün etnoslardan və dini qruplardan üstün tutulub.
"Səbəbsiz deyildir. Ermənilər bunu Osmanlı İmperiyası qarşısındakı xidmətləri ilə qazanıblar. Bu gün Avropada bəziləri elə hesab edirlər ki, ermənilər xristian olduqları üçün guya Osmanlı İmperiyasında Avropanın xeyrinə casusluqla məşğul olublar. Faktlar isə tamam tərsini göstərir: ermənilər Osmanlı İmperiyasının qoşunlarının Avropaya hücum kampaniyalarının kəşfiyyat işlərini təşkil edib, həmin dövlətlərin zəif yerləri barədə Osmanlı sərkərdələrinə məlumat veriblər, konkret müharibələr zamanı isə birbaşa tuşlayıcı rolunu oynayıblar", - politoloq bildirib.
Onun sözlərinə görə, Ermənilər Avropada katolisizmə qarşı aşkar mübarizə aparıblar. Bu barədə tədqiqat işləri sayca az olsa da, onların başlanması üçün zəmin hesab oluna biləcək faktlar mövcuddur.
Politoloq qeyd edib ki, 2009-cu ildə Bolqarıstanın Veliko Tırnovo şəhərindəki erməni kilsəsində aparılan bərpa işləri zamanı bəlli olub ki, bu erməni kilsəsi katolik kilsənin yerində tikilib. Başqa sözlə, vaxtilə katolik kilsəsi kimi fəaliyyət göstərmiş məbəd uçurulub, bünövrəsində erməni kilsəsi tikilib.
"Bu hadisə XVII əsrin sonlarında olub. Rumıniya və digər Şərqi Avropa ölkələrində də ermənilərin oxşar fəaliyyətləri barədə müəyyən məlumatlar mövcuddur. Avropadakı erməni icmalarının formalaşmasında ticarət faktoru cüzi rol oynayıb, qalan bütün erməni icmaları Osmanlı faktoru üzrə formalaşıb. Söhbət 1915-ci ilin "erməni soyqırımı"nın yaratdığı dalğadan getmir. Avropadakı erməni icmaları bu faktordan istifadə edərək, özlərinin Avropaya xəyanət keçmişlərini gizlədə bilirlər. Ermənilərin Türkiyənin arxivlərin açılması təklifindən imtinasının əsas səbəblərindən biri də budur. Həqiqətin araşdırılması Avropanın hər bir dövlətində olan azərbaycanlı və türk icmalarından gərgin zəhmət və külli miqdarda vəsait tələb edir", - politoloq vurğulayıb.