...

"Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalının təsisi ilə bağlı qanunun tətbiqinə dair fərman imzalanıb

Siyasət Materials 5 Noyabr 2012 17:00 (UTC +04:00)
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalının təsis edilməsi ilə bağlı qanunun tətbiqi ilə bağlı fərman imzalayıb.
"Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalının təsisi ilə bağlı qanunun tətbiqinə dair fərman imzalanıb

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalının təsis edilməsi ilə bağlı qanunun tətbiqi ilə bağlı fərman imzalayıb.

Trend-in məlumatına görə, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna ediləcək dəyişikliklərdə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalı haqqında Əsasnamə"nin və medalın təsvirinin təsdiq edilməsi nəzərdə tutulur.

Bu medalla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası uğrunda fəal iştirakına görə, dövlət müstəqilliyinin qorunub saxlanmasında və inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Yubiley medalı ilə yuxarıda qeyd olunan şəxslər Azərbaycan Prezidenti tərəfindən təltif edilirlər.

Bu medal döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Tərəqqi" medalından sonra taxılır.

Yubiley medalı ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir.

Medalın ön tərəfi üzərində iri səkkizguşəli ulduzun içərisində olan Azərbaycan Respublikasının xəritəsində "20 il" sözləri həkk olunub.

Ulduzun guşələri arasında olan hissədə səkkiz ədəd xırda fiqurlar əks olunub.

Medalda çevrə boyunca "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" sözləri yazılıb.

Medalın arxa tərəfi hamar səthlidir, orta hissəsində qızıl rəngli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" sözləri, aşağı hissədə "1991-2011" rəqəmləri, yuxarı hissədə medalın seriyası və nömrəsi həkk olunub.

Bütün yazılar və təsvirlər qabarıqdır.

Xara lentin üzərində ardıcıl sıralanan, Dövlət bayrağının rənglərini əks etdirən mavi, qırmızı, yaşıl rəngli bərabər ölçüdə üfüqi zolaqlar, kənarlarında isə 1 mm enində qızılı rəngli şaquli zolaqlar təsvir olunub. Lentin üst hissəsinə eni 4 mm olan qızıl təbəqə bərkidilir.

Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti