Azərbaycan, Bakı, 11 yanvar /Trend/
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Merilənd ştatının paytaxtı olan Annapolis şəhərinin Beynəlxalq Klubunun (International Club of Annapolis) dəvəti ilə sözügedən klubun üzvləri qarşısında Azərbaycan-ABŞ ikitərəfli münasibətləri barəsində çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə cümə günü verilən məlumata görə, diplomat çıxışında Azərbaycanın dövlətçilik ənənələrindən bəhs edərək, Azərbaycan Demokratik Cümhuriyyətinin fəaliyyətindən, Şərqdə ilk parlamentin, qadınlara seçki hüququnun verilməsindən danışıb.
Müstəqilliyindən keçən 22 il ərzində Azərbaycanın beynəlxalq arenada nüfuzunun getdikcə daha da gücləndiyini bildirən səfir dövlətimizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsinin buna bariz nümunə olduğunu qeyd edib.
Azərbaycanın enerji diplomatiyası barəsində məlumat verən Süleymanov ölkənin etibarlı müttəfiq kimi xarakterizə edilməsində ölkə rəhbərliyinin götürdüyü öhdəliklərə sadiqliyinin əsas rol oynadığını vurğulamış və hazırda gündəmdə olan enerji layihələri, xüsusilə TANAP layihəsi barəsində danışıb.
Azərbaycanın coğrafi reallıqlarının ölkənin xarici siyasət istiqamətlərinin formalaşmasında həlledici faktor olduğunu deyən səfir bu xüsusda Azərbaycanın Rusiya və İranla həmsərhəd olan yeganə dövlət olması faktının nəzərə alınmasının zəruriliyini qeyd etmişdir. Səfir əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş praqmatik xarici siyasət kursunun hazırda ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Azərbaycanın öz qonşuları, xüsusilə Türkiyə və Gürcüstanla münasibətlərinin nümunəvi olduğunu bildirən səfir regional inteqrasiya üçün əsas maneənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdırmış və münaqişənin fəsadları, eləcə də bu fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin gördüyü tədbirlər barəsində məlumat verib.
Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoq üçün əlverişli platforma olduğunu bildirən səfir ölkəmizdə tarixən formalaşmış milli və etnik azlıqlar arasında dost münasibətlərdən və tolerantlığın xalqımızın fəxrediləsi cəhətlərindən olduğunu vurğulayıb.