Arzu Nağıyev - Trend-in icmalçısı
Martın 18-də Bakıda Azərbaycan hökumətinin, BMT-nin və İSESKO-nun təşkilatçılığı ilə "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda Beynəlxalq konfrans işə başladı və tədbirin ayın 19-da yekunlaşacağı nəzərdə tutulub. Tədbir qarşıya qoyulan məsələnin aktual olduğunu bir daha göstərdi. Məhz bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak etdi və nitq söylədi.
Prezident öz nitqində konfransın Azərbaycanda keçirilməsinin böyük rəmzi xarakter daşıdığını qeyd etdi və hazırda ölkəmizin də terrorçuluğun dünya səviyyəsində qarşısının alınmasına böyük töhfə verdiyini tədbir iştirakçılarına çatdırdı.
İlham Əliyev öz çıxışında bildirdi: "Təəssüf ki, ölkəmiz 1990-cı illərin əvvəllərində erməni terror təşkilatlarının törətdiyi terror aktlarının hədəfinə çevrilmişdi. Azərbaycan vətəndaşlarına qarşı çoxlu sayda terror aktları törədilmişdir, 2 min günahsız insan qətlə yetirilmiş və təxminən bir o qədər də insan xəsarət almışdır. Azərbaycan təcavüzdən, işğaldan əziyyət çəkir. Həmçinin, Azərbaycan etnik təmizləmə siyasətinə məruz qaldı, bir milyondan artıq azərbaycanlı doğma yurd-yuvalarından didərgin düşdü".
Budur ölkəmiz üçün törədilən terrorun nəticələri!
Cənab Prezident öz çıxışında bir daha qeyd etdi ki, "xalqımız XX əsrin ən böyük faciələrindən birini - Xocalı soyqırımını yaşamışdır".
Ümumiyyətlə, terrorizmin mahiyyətini dərk edən hər bir ölkə bilir ki, heç bir ölkə bu təhlükədən 100 faiz sığortalana bilməz. Ölkəmizdə terrorçuluğun daxili ocaqları olmasa da, biz daima müdafiə üçün hazır olmalıyıq.
Ümumilikdə terrorizm nədir? Terrorizm - ideoloji cəhətdən əsaslandırılmış zorakılıq əməllərindən istifadə edilən siyasi mübarizənin bir növüdür, mahiyyəti - qorxutmaq, vahiməyə salmaq məqsədilə zorakılıq, subyekti - müxtəlif vətəndaşlar, hökumət və ya qeyri-hökumət təşkilatları, obyekti isə - müxtəlif dövlət məmurları qismində hakimiyyət və ya ayrı-ayrı vətəndaşların qismində cəmiyyət (xarici ölkələrin vətəndaşları və dövlət məmurları da), şəxsi və dövlət əmlakı, həyat əhəmiyyətli infrastrukturlardır.
Тerrorizmin əsas məqsədi isə terroristlər üçün lazım olan son nəticəyə - inqilab, dövlət çevrilişi, cəmiyyətdə stabilliyin pozulması, xarici dövlətlə müharibə, bəzi ərazilərin müstəqilliyi, hakimiyyətin nüfuzdan salınması, hakimiyyət tərəfdən müəyyən siyasi güzəştlər və s. nail olmaqdır.
Maraqlıdır ki, terrorizmin şərtlərindən biri də cəmiyyətdəki rezonansdır. Gizli saxlanılan və əhəmiyyət verilməyən terror hadisəsi mənasız sayılır (təxribat və siyasi ölümlərdən fərqi də bundadır). Həmin rezonansı yaradan şərtlərdən biri kütləvi informasiya vasitələridir.
Telekanallar vasitəsilə terror hadisəsi təfsilatı ilə cəmiyyətə çatdırılır. Demək olar ki, KİV terroristləri məqsədinə çatdıran vasitəyə çevrilir. Əgər KİV hadisələri bu qədər işıqlandırmasa, çoxu mənasını itirmiş olardı. Cəmiyyətdəki rezonans isə terrorçulara ictimai əhval-ruhiyyəni dəyişdirmək üçün zəruri amildir.
Terrorçuluq fəaliyyətinin subyektləri xarakterinə görə qeyri-mütəşəkkil və ya fərdi olur; bu halda terror hadisəsi arxalarında hər hansı bir təşkilatın dayanmadığı bir və ya iki nəfər şəxs tərəfindən törədilir (çox az baş verən hadisədir). Dünyada ən geniş yayılmış digər forması isə xüsusi təşkilat tərəfindən planlaşdırılır və həyata keçirilir. Məlumdur ki, məqsədinə görə terrorizm separatizm və milli azadlıq məqsədi adı ilə və ya dini, yəni bir dini təriqətin və ya cərəyanın digəri ilə mübarizəsi, dünyəvi quruluşun dini quruluşa dəyişdirilməsi, bəzən də ideoloji və sosial - ölkənin siyasi sisteminin qismən və ya tam dəyişdirilməsi; buna inqilabi terrorizm də deyilir (anarxist, eser, faşist və s.) - formada olur. Maliyyə mənbəyi isə təsnifatından asılı olaraq maraqlı dövlətlər, kölgə iqtisadiyyatı və fərdi şəxslərdir.
Keçirilən tədbirdə Prezident İlham Əliyev problemlə bağlı qeyd etdi: "Terrorçuluğun nə dini, nə də milliyyəti vardır. Milli, eləcə də dini mənsubiyyətlərindən asılı olmayaraq, bütün bəşəriyyət terrorçuluqdan əziyyət çəkir. Fikrimcə, bu, daim diqqətdə qalmalı mühüm məsələlərdən biridir. Biz səylərimizi birləşdirmədən bu məsələni lazımi şəkildə həll edə bilməyəcəyik".
Deməli, problemin həlli və uğur əldə edilməsi üçün terrorçuluğa qarşı bütün ölkələrin səylərinin birləşdirilməsi qarşıda duran mühüm məsələdir.