Azərbaycan, Bakı, 28 may /Trend/
Azərbaycanın Litvadakı səfirliyi 28 May - Respublika Günü münasibətilə Litva Dövlət Filarmoniyasında təntənəli mərasim və rəsmi qəbul təşkil edib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, 350 nəfərin iştirak etdiyi tədbirdə Litvanın nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkevicius, elm və təhsil naziri Dainius Pavalkis, Seymin bir çox komitələrinin sədrləri, həmçinin Xarici işlər komitəsinin sədri Benediktas Juodka, Litva Seymində Azərbaycanla dostluq qrupunun üzvləri, millət vəkilləri, Litva Prezidenti Administrasiyasının, Baş Nazirliyin və Xarici İşlər Nazirliyinin, eləcə də digər nazirliklərin yüksək səviyyəli nümayəndələri, Litvada akkreditə olunan xarici ölkələrin əksər səfirləri, ölkənin tanınmış ictimai-siyasi, elm, mədəniyyət və idman xadimləri, eləcə də bir çox soydaşlarımız iştirak ediblər.
Tədbir Azərbaycan və Litvanın dövlət himnləri ilə başlayıb. Səfir Həsən Məmmədzadə öz çıxışında Şərqdə, eləcə də müsəlman-türk aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik respublikanın yaradılması tarixindən bəhs edib, müasir Azərbaycanın hərtərəfli inkişafı barədə məlumat verib. Bu gün Cənubi Qafqazın iqtisadi gücünün 80%-dən çoxunu özündə cəmləşdirən Azərbaycan Respublikasının sosial, iqtisadi və humanitar sahələrdə əldə etdiyi uğurlardan danışan səfir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və işğalçı siyasətindən bəhs edib, münaqişənin bu gün də həllini tapmadığını vurğulayıb.
O, "Eurovision 2013" mahnı müsabiqəsində Litvanın Azərbaycana ən yüksək 12 bal verdiyinə görə Litva ictimaiyyətinə öz təşəkkürünü bildirib.
Sonra səfirlik tərəfindən Respublika Günü ilə əlaqədar Azərbaycandan dəvət olunmuş "Cəngi" xalq rəqs qrupu, müğənni Fidan Hacıyeva və virtuoz musiqiçi Ceyhun İsmayılov qonaqlar qarşısında rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Tədbir zamanı Litva Dövlət Filarmoniyasında ziyafət təşkil edilib. Qonaqlara milli mətbəximizin ləziz nümunələri təqdim olunub.