Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyası (AVCİYA) ölkədə keçiriləcək prezident seçkilərinə hazırlıq çərçivəsində apardığı monitorinqin nəticələrini açıqlayıb.
Trend-in məlumatına görə, AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov qeyd edib ki, bu dəfə mətbuat orqanlarından 12 qəzetdə monitorinq aparılıb. Bu qəzetlərdən 4-ü müxalifət, 4-ü müstəqil, 4-ü isə iqtidar qəzetləri olub.
AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə bidirib ki, yanvar ayından bəri ictimai-siyasi vəziyyətlə bağlı aparılan monitorinq onu göstərir ki, Azərbaycanda olan iqtisadi inkişaf siyasi sabitlik üçün də əsas verir və Azərbaycan regionun ən stabil respublikasıdır: "Bu da öz növbəsndə seçki mühitinə təsir edir və Azərbaycanda seçkilərin Avropa Şurası qarşısında götürülən öhdəliklərə uyğun olaraq keçirilməsinə imkan verir".
Zülfüqarov bildirib ki, iyun ayında aparılan monitorinqdə qəzetlərdə seçki ilə bağlı verilən məlumatların azalması müşahidə olunur.
O, həmçinin vurğulayıb ki, müxalifət qəzetləri əsasən öz işlərini əks-təbliğat istiqamətində qururlar. Onlar sanki iqtidar qəzetlərində gedən məlumatlara cavab verirlər.
Zülfüqarlı qeyd edib ki, avqust ayında regionlarda da seçki fəallığı ilə bağlı monitornqlərə başlanacaq.
Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin payız aylarında keçirilməsi nəzərdə tutulur.