Azərbaycan, Bakı, 19 iyul /Trend/
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış oldu.
Məlumat verildi ki, inzibati binanın inşasına 2013-cü ilin yanvarda başlanılmış və iyul ayında başa çatdırılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi 753 kvadratmetrdir.
Binanın foyesində ulu öndər Heydər Əliyevin barelyefi qoyulmuşdur. Burada Ümummilli Liderin ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən YAP-ın fəaliyyəti ilə bağlı gördüyü işləri əks etdirən fotoguşələr yaradılmışdır. Tarixi sənəd və eksponatların da sərgiləndiyi binanın iclas zalında müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şərait vardır. Bütün otaqlar zəruri avadanlıqla təchiz olunmuş, kompyuterlər quraşdırılmış, kitabxana yaradılmışdır.
Diqqətə çatdırıldı ki, YAP Siyəzən rayon təşkilatı 1995-ci il fevralın 10-da təsis olunmuşdur. Özündə 42 ilk təşkilatı birləşdirən qurumun 3 min 240-dan çox üzvü vardır. Onların 32 faizini qadınlar, 28 faizini isə gənclər təşkil edir. Yeni binada təşkilatın daha səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Binanın həyəti tamamilə abadlaşdırılmış, yaşıllıq salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Bir sözlə, rayonun ictimai-siyasi həyatında mühüm rol oynayan partiyanın yeni inzibati binasında yaradılan şərait təsdiqləyir ki, YAP müstəqil Azərbaycanın daha parlaq gələcəyi naminə fəaliyyətində yeni uğurlara imza atacaqdır.
Dövlətimizin başçısı binada yaradılmış şəraitdən razılığını bildirdi.