...

Əli Həsənov: Bəzən beynəlxalq təşkilatların seçkiləri dəyərləndirdiyi metodika digər dövlətlərin maraqlarından irəli gələrək tətbiq olunur (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 İyul 2013 11:32 (UTC +04:00)
Bir sıra hallarda hər hansı dövlətdə beynəlxalq təşkilatlar tərəfindən seçkiləri dəyərləndirmək üçün istifadə olunan metodika digər dövlətlərin maraqlarından irəli gələrək tətbiq olunur.
Əli Həsənov: Bəzən beynəlxalq təşkilatların seçkiləri dəyərləndirdiyi metodika digər dövlətlərin maraqlarından irəli gələrək tətbiq olunur (ƏLAVƏ OLUNUB)

Əli Həsənovun jurnalistlərə açıqlaması əlavə edilib (İlk xəbər 10:45-də yayılıb)

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir M.Əliyev/

Bəzi institutların tətbiq etdiyi metodologiyalar digər dövlətlərin daxili həyatını tam xarakterizə edə bilmir, xalqların mentalitetini nəzərə almır, tarix boyu formalaşmış ənənələri nəzərə almır. Bəzən xarici aləmdə dövlətlərin idarəçilik sistemlərini, dövlət idarəçilik rejimlərini, onların fəaliyyətini dəyərləndirmək üçün istifadə olunan metodika, məqsədlər, məramlar və bilavasitə müdaxilələr müxtəlif dövlətlərin, qurumların maraqlarına xidmət edir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda "Seçki (referendum) prosesində aşkarlıq institutları və KİV-in rolu" mövzusunda mühazirəsi zamanı bildirib.

PA rəsmisi bildirib ki, misal üçün, ABŞ-da mövcud olan idarəçilik rejimlərini eynilə gətirib Misir cəmiyyətinə tətbiq etmək əlbəttə ki, düzgün deyil: "Yaxud Yaponiyada mövcud olan demokratik ənənələr Tunisdə tətbiq oluna bilməzlər. Hər bir dövlətin idarəçilik sistemi bir tərəfdən onun xalqının ənənəsinə, istək və arzularına söykənirsə, digər tərəfdən öz xalqının mentalitetindən, dünyağörüşündən, həmin cəmiyyətin ictimai davranış normalarından qaynaqlanaraq müvafiq postulatlar formalaşdırır. Bu postulatların bəziləri tarix boyu dəyişməzdir və onlar xalqın ümumi davranış normalarına çevriliblər. Bəziləri dövrün tələblərinə müvafiq olaraq modernləşir və bu modernləşdirmədə də xalq itirdiyinin əvəzini qazanır. Yəni hər bir xalq yeniliyi qəbul edərkən onu ölçüb-biçir, öz ənənəsi ilə, qazanacağı ilə itirəcəyi arasında müqayisə edir və yekun qənaətə gəlir".

Ə. Həsənov deyib ki, dünyada 100-dək QHT var ki, onlar ABŞ Konqresinin qərarı ilə dövlət büdcəsindən maliyyələşirlər və onlara ayrılan maliyyə təxminən 200 milyard dollardan artıq bir vəsaitdir: "Bu maliyyə vəsaitinin yönəldilməsinin səbəbini onlar, bir də həmin QHT-lər tərəfindən təzyiqlərə məruz qalan ölkələr bilir. Bəzən bu təşkilatları konkret məqsədlər istiqamətinə yönəldərək onları ayrı-ayrı dövlətlərin daxilində təsir və yaxud təzyiq mexanizminə çevirirlər və həmin dövlətlərin içəridən və xaricdən üstünə basqılar edirlər, onları bu və ya digər məsələlərə təhrik edirlər. Əlbəttə, həmin dövlətlər öz maraqlarından çıxış edirlərsə, onların yürütdükləri siyasət xalqın iradəsinə söykənirsə və xalq tərəfindən kütləvi şəkildə dəstəklənirsə, o zaman təzyiq etmək çətinləşir, bu təzyiqlər uzunmüddətli olur, artıq görəndə ki, bu təzyiqlərdən bir şey çıxmadı, açıq basqılara keçirlər. Misal üçün, Şimali Afrikada iki ilin içərisində 6-7 ölkəyə xaricdən açıq müdaxilə olundu, onların qanuni seçilmiş prezidentləri devrildi, bəziləri ölkədən qovuldu, bəziləri edam olundu, dövlətin və idarəçilik rejiminin bütün mexanizmləri, xarici və daxili varidatları ələ keçirildi".

PA rəsmisinin sözlərinə görə, Azərbaycan zaman-zaman bəzi dəyərləndirmələrə qarşı çıxıb, biz bu dəyərləndirmələrdə subyektiv mülahizələrin, məqsəd və məramın olduğunu görürük və bu məramlar da kimlərinsə maraqlarından doğur: "Sosialist sistemi dağılandan sonra bəzi ölkələr dünya xalqlarını, dövlətlərini öz təsirləri altına salmaq üçün digər yollara əl atdılar. Amma yeni dünya nizamında hər şey şəffaflaşdığından, dövlətlərin üzərinə gedərək onları işğal etmək çətinləşdiyindən QHT-lər vasitəsi ilə bu dövlətlərə təsir edərək beynəlxalq öhdəlikləri oturtmaq metodikasına əl atdılar".

Ə. Həsənov çıxışından sonra jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan dövləti özünün iradəsini Azərbaycan xalqının müəyyən etdiyi yolla həyata keçirir: "Amma bütövlükdə beynəlxalq təşkilatlarla əlaqədə də biz müəyyən beynəlxalq təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik, onların ən əhəmiyyətlilərini, Azərbaycan xalqının, dövlətinin inkişafına xidmət edənlərini nəzərə alırıq, həyata keçiririk. Bəzən təəssüflər olsun ki, beynəlxalq aləmdən Azərbaycana təzyiqlər olur. Biz bu təzyiqləri mövcud normalar və Azərbaycanın mövcud maraqları çərçivəsində dəyərləndiririk, təzyiqlər Azərbaycan üçün qəbuledilməzdir, amma onların tövsiyə xarakteri daşıyanlarını nəzərə alırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti