...

Azərbaycanın hakim partiyası seçki ilə bağlı keçirdiyi müşavirədə müzakirə olunan məsələləri açıqladı

Siyasət Materials 12 Avqust 2013 14:38 (UTC +04:00)
S.Novruzov bildirib ki, avqustun 23-dək seçki imzaları toplanacaq və müvafiq protokollarla birgə MSK-ya təqdim ediləcək.
Azərbaycanın hakim partiyası seçki ilə bağlı keçirdiyi müşavirədə müzakirə olunan məsələləri açıqladı

Azərbaycan, Bakı, 12 avqust / Trend, müxbir M.Əliyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyi ilə bağlı 125 dairənin hamısından imza toplayacaq. Bunu Trend-ə YAP-ın avqustun 12-də keçirilən müşavirəsinin yekunlarını şərh edərkən partiyanın icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, həftənin sonunadək seçki imzaları toplanacaq və müvafiq protokollarla birgə MSK-ya təqdim ediləcək.

Onun sözlərinə görə, YAP-ın rayon və şəhər seçki qərargahlarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə qərara alınıb ki, avqustun 13-dən etibarən YAP namizədinin müdafiəsi üçün seçici imzalarını toplamağa başlanılsın: "Müşavirədə seçki imzalarının toplanılması ilə əlaqədar təlimatlar təqdim olundu, onlar izah edildi. İmza vərəqələrinin nümunələri təqdim olundu və izah olundu. Buna qədər imza toplayan şəxslərlə treninq keçirilmişdi".

S.Novruzov bildirib ki, müşavirədə, həmçinin yerlərdə seçki qərargahlarının fəaliyyəti, gələcəkdə onların görəcəyi işlər, təbliğat-təşviqat kampaniyasının aparılmasına hazırlıq kimi məsələlər də müzakirə olunub.

Qərara alındı ki, YAP partiya şəklində iştirak etdiyinə görə hər bir seçki məntəqəsində 1 müşahidəçi, həmçinin 1 məşvərətçi səs hüquqlu üzvü təyin etmək hüququ əldə etsin və həmin şəxslərin siyahısı hazırlansın.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti