...

Siyavuş Novruzov: Milli Şuraya toplaşan insanlar hakimiyyətə gəlmək üçün hansı addımları desən ata bilərlər

Siyasət Materials 26 Avqust 2013 16:36 (UTC +04:00)
Milli Şura müxtəlif addımlar atmaq istəyir və onların da biri iğtişaşların törədilməsidir. Bu məsələ ilə bağlı “EL” təşkilatının Ali Məclisinin sabiq müavini Əflan İbrahimov məlumat verib. Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.
Siyavuş Novruzov: Milli Şuraya toplaşan insanlar hakimiyyətə gəlmək üçün hansı addımları desən ata bilərlər

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir E.Mehdiyev/

Milli Şura müxtəlif addımlar atmaq istəyir və onların da biri iğtişaşların törədilməsidir. Bu məsələ ilə bağlı "EL" təşkilatının Ali Məclisinin sabiq sədr müavini Əflan İbrahimov məlumat verib. Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.

S.Novruzov deyib ki, Azərbaycan güclü, demokratik bir dövlətdir, qanunun aliliyi var: "Ona görə də bu hissdə, bu ağılda, bu düşüncədə kim olacaqsa, mən məsləhət görürəm ki, başqa şey haqqında fikirləşsin. Ora toplaşan insanların böyük bir hissəsi hakimiyyətə gəlmək üçün kiminlə desən işbirliyinə gedər, hansı addımları desən ata bilərlər. Biz bunun onların namizəd irəli sürmələrində, xalqı nə qədər aldatmalarında, "Rüstəm İbrahimbəyov bu gün gəlir, sabah gəlir" məsələsində şahidi olduq. Rüstəm İbrahimbəyov elan edirdi ki, sənədləri təqdim etmişəm, sonra məlum oldu ki, hələ sənədlərini təqdim etməyib. Yəni bunlar üçün milli maraq, ümummilli dəyər, millətin mövqeyi qəti şəkildə ortada deyil, bunlar üçün ancaq şəxsi maraq, şəxsi fəaliyyət, şəxsi gəlir, nəyisə mənimsəmək önəmlidir".

YAP rəsmisinin sözlərinə görə, bu baxımdan Milli Şura üzvlərindən nə desən gözləmək olar: "Amma Azərbaycan güclü dövlətdir, kimliyindən, hansı partiyanın üzvlüyündən asılı olmayaraq qanun qarşısında hamı bərabərdir, qanundan kənar hansı hərəkətə yol versə, intizama cəlb olunacaq və qanun çərçivəsində lazımi addımlar atılacaq".

Qeyd edək ki, "EL" hərəkatının Ali Məclisinin sədr müavini Əflan İbrahimovun Milli Şuranın qapalı keçirilən iclaslarında şuranın bəzi üzvləri tərəfindən Bakı şəhərində iğtişaşların törədilməsi məqsədi ilə müzakirələrin aparılması barədə kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarla əlaqədar Baş Prokurorluğa dəvət edilib.

Ə.İbrahimov mətbuata verdiyi açıqlamaları bir daha təsdiq edərək Baş Prokurorluqda verdiyi izahatında Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.

Baş verə biləcək hadisələrin qarşısının alınması və məsələnin ciddiliyi nəzərə alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində müvafiq araşdırmalara başlanılıb.

Ə.İbrahimov bu açıqlamalarından sonra Ali Məclisin sədr müavini vəzifəsindən istefa verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti