...

Polşanın dünya şöhrətli "beyin mərkəzi" Azərbaycanla bağlı hesabat yayıb

Siyasət Materials 26 Sentyabr 2013 13:43 (UTC +04:00)
Polşanın dünya şöhrətli "beyin mərkəzi" MISO (“Beynəlxalq Vətəndaş Cəmiyyəti İnstitutu”) “Azərbaycanın son 10 ildə iqtisadi və sosial inkişaf dinamikası” adlı hesabat yayıb.
Polşanın dünya şöhrətli "beyin mərkəzi" Azərbaycanla bağlı hesabat yayıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Polşanın dünya şöhrətli "beyin mərkəzi" MISO ("Beynəlxalq Vətəndaş Cəmiyyəti İnstitutu") "Azərbaycanın son 10 ildə iqtisadi və sosial inkişaf dinamikası" adlı hesabat yayıb.

Trend-in məlumatına görə, MISO-nun direktoru Mateuş Komorovskinin rəhbərlik etdiyi ekspert qrupu tərəfindən hazırlanmış hesabat 25 sentyabr 2013-cü ildə təşkilatın internet səhifəsində dərc edilib.

Hesabatda son 10 il ərzində Azərbaycanda iqtisadi və sosial vəziyyət ətraflı təhlil edilir, bu sahədəki əsas proseslər və onların inkişaf dinamikasından danışılır.

MISO vətəndaş cəmiyyəti ideyasının təbliği və bunun analitik əsaslarının hazırlanması ilə məşğul olan qeyri-kommersiya, siyasi və ya dini fəaliyyət göstərməyən ictimai birlikdir. İnstitutun fəaliyyət istiqamətlərinə Avropa inteqrasiyası, beynəlxalq əməkdaşlığın inkişafı, iqtisadi inkişaf və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məsələləri daxildir.

Təşkilatın yaydığı hesabatda bu il Azərbaycanın müstəqilliyinin bərpasının 22-ci ildönümünü qeyd edəcəyi bildirilir. Bu müddət ərzində, xüsusən də son 10 ildə ölkə əhəmiyyətli inkişaf yolu keçib. MISO analitiklərinin qənaətincə, Azərbaycan artıq beynəlxalq arenada fəal siyasət aparan dövlətə çevrilib, rəsmi Bakı suveren və şaxələndirilmiş xarici siyasət həyata keçirməkdədir. Azərbaycan beynəlxalq ictimaiyyətlə fəal əməkdaşlıq edir və hələ 1999-cu ildə beynəlxalq maliyyə institutlarının təklifi əsasında xam neftin satışından əldə edilən gəlirlərin idarə edilməsi və sosial-iqtisadi islahatlara yönəldilməsini təmin edən xüsusi fond -Dövlət Neft Fondunun yaradılması barədə qərar qəbul edib.

Hesabatda deyilir ki, Azərbaycanın beynəlxalq arenada cəlbediciliyini artıran ən mühüm amillərdən biri onun regionda sabitlik elementi rolunu oynamasından irəli gələn müsbət imicidir. Bundan başqa analitiklərin diqqətini ölkənin əhəmiyyətli coğrafi mövqedə yerləşməsi, Rusiyanın təsirindən asılı olmaması və təbii resurslarla zənginliyi cəlb edib.

MISO ekspertləri Azərbaycan Prezidentinin dəstəyi ilə yaradılan ASAN xidmət mərkəzlərinin əhəmiyyətinə toxunublar. Bunu vətəndaşların sosial təlabatını ödəmək istiqamətində atılan önəmli addım hesab ediblər. Hesabatda vurğulanır ki, bu təşəbbüs xüsusi innovasiyadır və digər ölkələr üçün də yaxşı nümunə ola bilər.

Nüfuzlu ekspertlərdən ibarət müəllif qrupu Azərbaycan iqtisadiyyatının təbii resurslardan səmərəli istifadəyə əsaslandığı qənaətinə gəlib. Bu resursların istismarı və istifadəsi ölkədə reallaşdırılan iqtisadi inkişaf proqramlarında diqqətə alınan əsas məsələlərdəndir. Azərbaycanın təsdiq edilmiş neft ehtiyyatı 1,6-1,9 milyard tona bərabərdir ki, bu da neft sektorunu ölkə iqtisadiyyatının dominant sahəsinə çevirib. Azərbaycan dünyada ən qədim neft istehsalçılarından biridir və son 10 il ərzində bu resursun istehsalı əhəmiyyətli dərəcədə artıb.

Hesabat müəllifləri qeyd edirlər ki, ölkədə xam neft və təbii qazın satışından əldə edilən gəlirlərin istifadəsinə dair əsas sənəd 27 sentyabr 2004-cü ilə qəbul edilən "Neft və qaz gəlirlərindən istifadə edilməsinə dair uzunmüddətli strategiya"dır. Strategiyaya əsasən əldə edilən gəlirlər infrastrukturun hərtərəfli inkişaf etdirilməsi, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması, regionların inkişafı və ölkədə yoxsulluğun azaldılmasına yönəldilir. Eyni zamanda, müxtəlif sosial-iqtisadi islahat proqramlarının reallaşdırılması da təbii sərvətlərin istismarından əldə edilən gəlirə əsaslanır. Belə proqramlar sırasında neft gəlirləri hesabına reallaşdırılan 2004-2008-ci və 2009-2013-cü illər üçün qəbul edilmiş iki "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" xüsusilə qeyd edilməlidir.

Hesabatda qeyd edildiyi kimi, Azərbaycandakı sosial-iqtisadi islahatlar ölkə müstəqilliyinin əldə edildiyi gündən başlayıb, lakin onların intensivliyi heç də həmişə eyni və daimi olmayıb. 1995-ci il iqtisadi böhranından sonra beynəlxalq maliyyə institutlarının dəstəyi ilə ciddi iqtisadi və siyasi islahatlar həyata keçirilib. Bu islahatlar Azərbaycana böhranın nəticələrini aradan qaldırmağa və 2003-cü ilədək müsbət makroiqtisadi göstəricilərə nail olmağa imkan verib. Makroiqtisadi inkişaf- inflyasiya həddinin aşağı salınması, ümumdaxili məhsulun artımı (ÜDM) və büdcə kəsirinin azaldılması nəticədə sosial inkişafa da ciddi təsir göstərib. Son 10 ildə Azərbaycanda əhalinin sosial müdafiəsinə xərclənmiş vəsaitin həcmi 9 dəfə artıb, təhsil, idman, tibb və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisələr bir neçə dəfə çoxalıb, yoxsulluğun səviyyəsi aşağı düşüb.

MISO analitiklərinin fikrincə, qeyd edilən sosial və iqtisadi islahatlar nəticəsində 2003-cü ildən sonra Azəbaycanda makroiqtisadi vəziyyət daha da yaxşılaşıb. Ölkənin əsas iqtisadi göstərilər deməyə əsas verir ki, son 10 ildə Azərbaycanda əhəmiyyətli iqtisadi inkişaf baş verib.

Azərbaycan 1998-ci ildən bəri MDB üzvləri arasında ÜDM-in ən sürətlə artığı ölkə statusunu qazanıb. Qarşıdakı illərdə ölkədə ÜDM-in daha da artacağı gözlənilir. Proqnozlara əsasən 2013-cü ildə Azərbaycanda ÜDM-in həcmi 73,54 milyard ABŞ dollarına çatacaq, 2014-cü ildə isə bu göstəricidən 6,7% daha yüksək olacaq. 2003-cü ildə 3700 ABŞ dollarına bərabər olan alıcılıq qabiliyyəti paritetinə əsasən adambaşına düşən ÜDM 2013-cü ildə 10700 ABŞ dollarına yüksəlib.

Müəlliflər vurğulayırlar ki, BMT-nin İnkişaf Proqramının "İnsan inkişafı indeksinə" əsasən Azərbaycan yüksək insan inkişafı ölkələri qrupuna daxildir.

Hesabatda deyilir ki, Azərbaycandakı sosial-iqtisadi inkişafı təhlil edərkən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" xüsusilə qeyd edilməlidir. Azərbaycan bu proqramların istifadəsinə əsaslanan siyasətinə görə bir çox dövlətlərdən fərqlənir. Ölkənin bu sahədəki siyasəti müxtəlif sahələrə aid islahat paketlərinin sinxronlaşdırılması ilə seçilir. Azərbaycan istənilən iqtisadi qanunvericiliyin həyata keçirilməsi zamanı yerli mentalitet, milli xarakteristika və xarici dövlətlərin təcrübəsini nəzərə alır ki, bu da Azərbaycanın siyasi modelinin mühüm xüsusiyyətidir.

Hesabatın son hissəsində müəlliflər Azərbaycanın sosial-iqtisadi inkişafına istiqamətlənmiş tövsiyələr verərək qeyd edirlər ki, mövcud iqtisadi və sosial inkişaf Prezident İlham Əliyevin növbəti dəfə seçilməsinə imkan yaratmaqla yanaşı hazırki inkişaf tempinin davamlılığına təminat verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti