Murad Əliyev - Trend-in icmalçısı
XXI əsrin ilk onilliyi dünya tarixində Qərb və Şərqin bir-birinə qarşı dözümsüzlüyü, dini zəmində təxribatlar, dəyərlər arasında çaxnaşma və digər xoşagəlməz təzahürlərlə yadda qaldı. Bəşəriyyətin üzləşdiyi bu təhlükəli vəziyyətdə çıxış yolu kimi müxtəlif sahələrdə dialoqun vacibliyini ön plana çıxdı. Məhz bu şəraitdə dünyaya sabitlik, tolerantlıq, sürətli inkişaf nümunəsi göstərən Azərbaycan özünün Şərq və Qərbin qovuşduğu məkan olmasını sübut edərək mədəniyyətlərarası, dinlərarası dialoq mərkəzinə çevrildi. Son illər Bakıda təşkil olunan, müxtəlif sahələri əhatə edən genişmiqyaslı tədbirlər 5 qitənin nümayəndələrini bir araya gətirdi.
Etibarlı tərəfdaş, yüksək səviyyəli tədbirlərin təşkilatçısı imicini qazanan Azərbaycan son illər yerləşdiyi həm Avropa, həm Asiya qitələrinin ən mötəbər tədbirlərinin ev sahibinə çevrildi. Bu baxımdan insanları barışa səsləyən idman sahəsi də istisna deyil. Ölkədə yaxın illərdə keçiriləcək idman tədbirlərinin siyahısına baxdıqda bunun şahidi olmaq olar: 2014-cü ildə Dünya İdman Jurnalistləri Konqresi, 2015-ci ildə ilk Avropa Oyunları, həmin il Şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası. Bundan əlavə, son günlər bütün islam dünyasının diqqəti mərkəzində olan İslam Həmrəyliyi Oyunlarında da estafet Bakıya verilmək üzrədir.
Ümumiyyətlə, Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən cəmi 22 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, ölkə islam dünyasının mərkəzinə çevrildi. Belə ki, Bakı artıq 2009-cu il üçün "İslam mədəniyyətinin paytaxtı" seçildi, Azərbaycanın digər qədim şəhəri olan Naxçıvan isə 2018-ci ildə "İslam mədəniyyətinin paytaxtı" olacaq.
İdman yarışlarını özündə ehtiva edən İslamiada isə 2017-ci ilin 23 iyun - 2 iyul tarixlərində Bakıda baş tutacaq. Bununla bağlı qərar bu ilin iyulunda Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 8-ci hesabat-seçki Baş Assambleyasında keçirilən səsvermə zamanı yekdilliklə qəbul edildi. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanla yanaşı, İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə Misir də namizədliyini irəli sürmək istəyib. Lakin bu ölkədəki gərgin siyasi vəziyyət üzündən fikrindən daşınıb. Digər ölkələr isə iqtisadi vəziyyətlə əlaqədar namizədliklərini irəli sürmədilər. Bu fakt bir daha təşkilatçılıq niyyətində olan ölkədəki sabitliyin və düzgün aparılan iqtisadi siyasətin əhəmiyyətindən xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziyanın Palembanq şəhərində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tərəfindən ölkəmizin paytaxtında keçiriləcək İslamiadaya həsr olunan "Azərbaycan günü"ə ünvanladığı videomüraciətdə də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının birlik, qardaşlıq və dostluq Oyunları olacağına əminliyini vurğulayıb. Buna 2017-ci ildə baş tutacaq İslamiadanın əsas şüarı da eyham vurur - "Həmrəylik bizim gücümüzdür".
Sonda qeyd etmək lazımdır ki, Bakıda 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışın təşkil edilməsi irimiqyaslı kompleks idman tədbirlərinin keçirilməsində Azərbaycanın malik olduğu potensial imkanları bir daha nümayiş etdirəcək, digər tərəfdən isə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında idman əlaqələrini genişləndirəcək, Azərbaycanın beynəlxalq idman aləmində nüfuzunun bundan sonra da artmasını təmin edəcək.