...

Azərbaycan və İran sərhədçilərinin görüşündə sərhəd-keçid məntəqələrinin açılması barədə müsbət nəticə əldə olunub

Siyasət Materials 8 Noyabr 2013 21:34 (UTC +04:00)
Azərbaycan və İran sərhədçiləri arasında bu gün iki ölkənin sərhəd-keçid məntəqələrində yaranan problemlərin həlli məqsədilə görüş keçirilib.
Azərbaycan və İran sərhədçilərinin görüşündə sərhəd-keçid məntəqələrinin açılması barədə müsbət nəticə əldə olunub

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir T.Cəfərov/

Azərbaycan və İran sərhədçiləri arasında bu gün iki ölkənin sərhəd-keçid məntəqələrində yaranan problemlərin həlli məqsədilə görüş keçirilib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsində baş tutan görüşdə iki ölkə arasında sərhədlərin bağlanması ilə bağlı yaranmış problem müzakirə edilib və müzakirələrdə müsbət nəticələr əldə olunub.

Görüşdə sərhədçilərin müzakirələri sabah da davam etdirməsi barədə razılığa gəlinib. Problemin yaxın günlərdə həll ediləcəyi vurğulanıb.

Qeyd edək ki, İran Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrini dünəndən bağlayıb. Bu addım Azərbaycanın Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlamasına cavab olaraq atılıb.

Xatırladaq ki, noyabrın 5-də saat 18:15 radələrində Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işləri aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb.

Məlumata görə, həmin vaxt sürücü atəşdən yayınmaq məqsədilə özünü traktordan ataraq dambanın arxasına keçib. Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gəliblər. Hadisə yerinə baxış keçirilib və aidiyyəti üzrə məlumat verilib. İran rəsmiləri bildirir ki, bundan sonra Azərbaycan tərəfi Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti