İkinci abzas əlavə olunub
Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir T.Cəfərov/
Azərbaycan və İran arasında bağlanmış Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsi bu gün açılıb. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən bildiriblər.
Etibarlı mənbələrdən Trend-ə verilən məlumata görə, artıq İran tərəfindən bağlanmış Culfa və Biləsuvar sərhəd-keçid məntəqələri də açılıb.
Qeyd edək ki, ötən gün Azərbaycan və İran sərhədçiləri arasında iki ölkənin sərhəd-keçid məntəqələrində yaranan problemlərin həlli məqsədilə görüş keçirilib. Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsində baş tutmuş görüşdə iki ölkə arasında məntəqələrin bağlanması ilə bağlı yaranmış problem müzakirə edilib və müzakirələrdə müsbət nəticələr əldə olunub. Görüşdə sərhədçilərin müzakirələri bu gün də davam etdirməsi barədə razılığa gəlinib.
Xatırladaq ki, İran Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrini noyabrın 7-dən bağlamışdı. Bu addımın Azərbaycanın Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlamasına cavab olaraq atıldığı bildirilirdi.
Noyabrın 5-də saat 18:15 radələrində Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işləri aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb. Həmin vaxt sürücü atəşdən yayınmaq məqsədilə özünü traktordan ataraq dambanın arxasına keçib. Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gəliblər. Hadisə yerinə baxış keçirilib və aidiyyəti üzrə məlumat verilib. İran rəsmiləri bildirir ki, bundan sonra Azərbaycan tərəfi Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlayıb.