...

Aydın Mirzəzadə: Azərbaycan və Türkiyə bayraqlarına qarşı tərbiyəsiz hərəkət erməni millətçilərinin iç sifətidir

Siyasət Materials 12 Noyabr 2013 11:17 (UTC +04:00)
Sivil dünyada düşmənə qarşı da bu cür, heç bir mədəniyyətə və sivilliyə sığmayan tərbiyəsiz hərəkət etmirlər.
Aydın Mirzəzadə: Azərbaycan və Türkiyə bayraqlarına qarşı tərbiyəsiz hərəkət erməni millətçilərinin iç sifətidir

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir E.Mehdiyev/

"Sivil dünyada düşmənə qarşı da bu cür, heç bir mədəniyyətə və sivilliyə sığmayan tərbiyəsiz hərəkət etmirlər. Bu, ancaq Ermənistana, Ermənistan hakimiyyətinə xas olan məsələdir". Bunu Trend-ə hakim Yeni Azərbaycan PArtiyasından olan millət vəkili Aydın Mirzəzadə erməni əsgərlərin Azərbaycan və Türkiyə bayraqlarını təhqir etdiyi əks olunan videoya münasibət bildirərkən deyib.

A.Mirzəzadə bildirib ki, belə hallar birinci dəfə deyil, vaxtaşırı baş verir: "Digər formalarda da Azərbaycana, Türkiyəyə, onların dövlət atributlarına, tarixinə, mədəniyətinə qarşı vaxtaşırı böyük təxribat işləri aparılır. Bunun edilməsi, şübhəsiz ki, Ermənistanda hakim olan siyasətdən irəli gələn məsələdir. Onlar öz silahlı qüvvələrində hər iki dövlətə qarşı nifrət əhval-ruhiyyəsi aşılıyırlar. Ancaq Ermənistan bilməlidir ki, Azərbaycan bayrağı bu gün müxtəlif beynəlxalq tədbirlərdə dalğalanır, BMT Təhlükəsizlik Şurası sədrinin qarşısında durub, bu gün Azərbaycan öz bayrağı ilə böyük uğurlar qazanıb və düşmənin bu gün azğınlıqla etdiyi tərbiyəsiz hərəkət bizim üçün müqəddəs olan hallara nöqtə qədər də olsa, kölgə sala bilməz".

Millət vəkili vurğulayıb ki, Azərbaycan bayrağının Dağlıq Qarabağın bütün bölgələrində, o cümlədən Şuşada dalğalanacağı günə heç də çox qalmayıb: "Bunun nəticəsidir ki, Ermənistanın hərbiçiləri vaxtaşırı Azərbaycan tərəfə keçirlər, Ermənistan mətbuatında Azərbaycanın torpaqlarının geri qaytarılması barədə vaxtaşırı açıq şəkildə fikirlər səsləndirilir, həmçinin beynəlxalq ictimaiyyətdə də Azərbaycanın mövqeyi birmənalı şəkildə müdafiə edilir".

A.Mirzəzadə əlavə edib ki, videoda yayılan həmin tərbiyəsiz hərəkət isə, şübhəsiz ki, erməni millətçilərinin iç sifətidir: "Buna baxmayaraq, Azərbaycan öz bayrağı ilə, özünün dəyərləri ilə, qazandığı nailiyyətlərlə bundan sonra da dünyada nüfuzlu yer tutmaqa davam edəcək".

Eyni zamanda, millət vəkili Azərbaycan mətbuatını qınadığını da qeyd edib: "Mən birincisi, Azərbaycan mətbuatını qınayıram ki, belə bir materialı cəmiyyətə yaydı. Ermənistan düşməndir, Ermənistan ordusu Azərbaycan və Türkiyə ordusuna qarşı hücum mövqeyində durub və Ermənistan cəmiyyətində bu gün türk xalqlarına qarşı düşmənçilik hakim ideologiyadır. Düşmənin etdiyi çirkin hərəkəti Azərbaycan mətbuatında yaymaq düzgün deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti