...

İran və "altılıq" ekspertlərinin görüşü gələn həftə keçiriləcək

Siyasət Materials 1 Dekabr 2013 10:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir T.Cəfərov/

Gələn həftə Vyanada İran və "P5+1" ölkələrinin ("altılıq) ekspertlərinin görüşü keçiriləcək. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi ötən axşam İran televiziyasının Birinci kanalında yayımlanan "Negah-e Yek" verilişində deyib.

A.Əraqçi Cenevrədə İran və "altılıq" arasında əldə olunmuş razılığı ortaq bir hədəfə doğru getmək üçün ilkin addım kimi dəyərləndirib:

"Uzun bir yolun başlanğıcındayıq və sonuncu addıma kimi müzakirələrimizi davam etdirməliyik. Biz heç vaxt qarşı tərəfə etimad etməmişik və bunu onlara da bildirmişik. Bu səbəbdən də Cenevrədə elə bir mexanizm hazırlanıb ki, etimadın yaranmasına zəmanət versin. Əgər hiss etsək ki, qarşı tərəf ("altılıq") öz öhdəliklərinə əməl etmir, onda hər şey yenidən əvvələ qayıdacaq və biz də öz işlərimizi dayandırmayacağıq, İranın nüvə fəaliyyətində heç bir geriləmə olmayacaq, nüvə proqramı necə var idisə, elə də qalacaq və yalnız kəmiyyətcə inkişaf etməyəcək".

A.Əraqçi deyib ki, ABŞ-ın İranın uranın zənginləşdirilməsi üzrə hüququnu tanıyıb-tanımaması çox da önəmli deyil:

"Bizim Nüvə Silahının Yayılmaması Müqaviləsinə əsasən, uranın zənginləşdirilməsi üzrə hüququmuz var və kiminsə bunu rəsmi olaraq tanımasını gözləmirik. Biz sadəcə onların bu hüququmuza hörmətlə yanaşmasını istəyirik".

Qeyd edək ki, İran və dünyanın altı lider dövləti noyabrın 24-də Tehranın nüvə proqramı üzrə danışıqlarda irəliləyişə nail olublar. Tərəflər Cenevrədə özündə İrana qarşı nüvə sanksiyalarının bir qədər yüngülləşdirilməsini ehtiva edən birgə fəaliyyət planı imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti