...

XİN-in şöbə müdiri: Sumqayıt hadisələrini araşdıran SSRİ Baş Prokurorluğunun istintaq qrupunun üzvləri ilə müsahibələr aparmaq lazımdır

Siyasət Materials 28 Fevral 2014 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/

SSRİ Baş Prokurorluğu tərəfindən 1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələrin araşdırılması məqsədilə yaradılan 230 nəfərdən ibarət istintaq qrupunun sağ qalmış bəzi üzvləri həmin hadisələrin üzərinə işıq salmağa kömək edə bilər. Trend xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) şöbə müdiri Hikmət Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə hazırlanmış "Sumqayıt 1988: Cinayət və cəza" kitabının təqdimat mərasimində bildirib.

H.Hacıyevin fikrincə, onlarla müsahibə aparmaq lazımdır ki, bəzi həqiqətləri üzə çıxarmaq mümkün olsun: "SSRİ-nin Baş prokuroru tərəfindən 230 nəfərdən ibarət istintaq qrupu təşkil olunmuşdu. O istintaq qrupunun üzvlərinin əksəriyyəti bu gün keçmiş SSRİ məkanında təqaüddə olan istintaqçılar və hüquq-mühafizə orqanları əməkdaşlarıdırlar. Onlarla da istintaq xarakterli deyil, elmi və jurnalist xarakterli müsahibələrin təşkil edilməsi faydalı olardı. Onlar təqaüddə olan insan kimi də açıq şəkildə danışa bilərdilər. Mən əminəm ki, bu istiqamətdə Azərbaycan Baş Prokurorluğunun digər ölkələrlə mövcud əməkdaşlığı çərçivəsində iş görmək olar, XİN, diplomatik nümayəndəliklər də bu kontaktların yaradılmasında öz funksiyalarını yerinə yetirmiş olarlar".

XİN-in şöbə müdiri qeyd edib ki, SSRİ Baş Prokurorluğu tərəfindən 1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələrlə bağlı aparılan istintaq prosesi çərçivəsində bir sıra ciddi pozuntu və səhvlərə yol verilib, bir sıra mühüm materiallara kortəbii yanaşılıb. Azərbaycanın Baş Prokurorluğu tərəfindən yeni istintaq tədbirləri görülüb, istintaq hərəkətləri həyata keçirilib. Bunun nəticəsində bir sıra qaranlıq məqamlar tamamilə öz mahiyyəti ilə açılıb. Bununla belə Sumqayıt hadisələri Qarabağ savaşının tərkib hissəsi olaraq uzunmüddətli bir strategiyanın tərkib hissəsidir. Ona görə də alimlər üstündən 26 il keçməsinə baxmayaraq, bu hadisələri tədqiq edirlər və bu iş davam etdiriləcək.

Şöbə müdiri qeyd edib ki, Azərbaycan xalqı öz tarixindən heç zaman utanmayıb: "Bizim fəxarətli bir tariximiz var. Buna görə də Sumqayıt hadisələrindən də qorxmamalıyıq".

Onun sözlərinə görə, hüquqi sənədlər də sübut edir ki, bu hadisələr ermənilər və onların havadarları tərəfindən törədilib: "Lakin ermənilər sistemli olaraq intensiv şəkildə Sumqayıt hadisələri ilə əlaqədar Azərbaycana qarşı geniş təbliğati tədbirlər görürlər. Buna baxmayaraq, Azərbaycanın əlində ermənilərin arqumentlərini alt-üst edə biləcək materiallar, informasiya bazası, canlı şahidləri və təcrübəsi var. Bunlardan istifadə edilməlidir".

Qeyd edək ki, istintaq materiallarına əsasən, Sumqayıt hadisələri zamanı 26 erməni, 6 azərbaycanlı ölüb. Erməni milliyyətindən olan Markaryan avtobusu bilərəkdən azərbaycanlıların üstünə sürüb və 4 nəfəri öldürüb. Lakin SSRİ-nin hüquq-mühafizə orqanları bu faktın üstünü ört-basdır ediblər. Ona görə də həmin iş də təzələnib və istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti