Azərbaycan, Bakı, 5 mart /Trend/
Ukraynadakı siyasi vəziyyət iki ölkənin cari iqtisadi əməkdaşlığına təsir etməməlidir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O, qeyd edib: "Biz məlum siyasi gərginliyi görürük, bu, cari iqtisadi əməkdaşlığa təsir etməməlidir. Heç kəsi hər hansı əlavə çətin vəziyyətdə qoymaq lazım deyil. Sözsüz ki, maraqlarımızı təmin edərək bütün ənənəvi tərəfdaşlarımızla əməkdaşlıq etmək lazımdır".
V.Putin bildirib ki, təzyiqi artırmaq və iqtisadi əməkdaşlıq məsələlərinə siyasi məzmun qatmaq lazım deyil.
Xatırladaq ki, Ukraynada etiraz aksiyaları nəticəsində Prezident Viktor Yanukoviç hakimiyyətdən kənarlaşdırılıb. Hazırda yeni hökumətin formalaşdırılması işi aparılır və növbədəkənar seçkilərin keçirilməsinə hazırlıq gedir.