Azərbaycan, Bakı, 12 iyun /Trend müxbir T.Cəfərov/
"Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçiriləcək dördüncü sammitində çətin ki, dənizin hüquqi statusu ilə bağlı tam razılıq əldə olunsun, lakin işlərin gedişatı əlverişlidir və o qədər də ümidsiz deyilik". Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur Ramsər şəhərində jurnalistlərə deyib.
Qeyd edək ki, iyunun 11-12-də İranın Ramsər şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti 37-ci iclası keçirilir.
İ.Rəhimpur bildirib ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı müzakirələr beş ölkə arasında bütün tərəflərin mənafeyinin təmini ilə aparılacaq və tərəfləri qane edəcək razılaşma hazırlanır: "Müzakirələrin sürəti o qədər də çox deyil, amma yaxşı ab-havada davam etdirilir və ümid edirik ki, dövlət başçılarının sammitində hər hansı hüquqi nəticələr əldə olunacaq".
O, qeyd edib ki, Xəzərin hüquqi statusu ilə bağlı indiyədək 100 maddə hazırlanıb: "Həmin maddələrdən bəzisi ilə bağlı beş ölkə tam razılığa gəlib, bəzisi ilə bağlı nisbətən razılıq əldə olunub və bəzisi ilə bağlı razılıq əldə olunmayıb".
Nazir müavini hesab edir ki, Xəzərin hüquqi statusunun tam müəyyənləşməsi üçün bir qədər daha çox vaxta ehtiyac var: "Ona görə ki, bütün ölkələr mənafelərini qorumaq istəyir, onlar həm xalqlarının, həm də ölkələrinin mənafeyini təmin etmək istəyirlər".
İ.Rəhimpur Xəzəryanı ölkələrin əsasən razılaşdıra bilmədikləri məsələlərə də toxunub və dənizin səthinin və dibinin bölgü prinsiplərinin müəyyənləşdirilməsi, balıqçılıq və ərazi sularının müəyyənləşdirilməsi kimi məsələlər haqqında hələlik razılıq əldə olunmadığını deyib.
O, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 37-ci iclasının önəmli olduğunu bildirib: "Bu iclasda dövlət başçılarının sammitinin yekun bəyannaməsinin hazırlanması ilə bağlı müzakirələr apardıq və yaxşı nəticələr əldə olundu. Xüsusi İşçi Qrupunun yaxın vaxtlarda Moskvada keçiriləcək növbəti iclasında sammitin yekun bəyannaməsi tam razılaşdırılacaq və imzalanacaq".
İran rəsmisi əlavə edib ki, Xüsusi İşçi Qrupunun 37-ci iclasında Xəzərdə təhlükəsizlik, hərbi və iqtisadi məsələlərlə bağlı müzakirələr aparıldı: "Qərara alındı ki, dənizin ekologiyasının qorunması, dənizdə fövqəladə hadisələr və s. bu kimi məsələlər ayrı-ayrı iclaslarda müzakirə olunsun. Bu iclasların biri Aşqabadda, digəri isə Moskvada keçiriləcək".
Qeyd edək ki, Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin sentyabr ayında Həştərxanda keçirilməsi planlaşdırılır.