...

Xaricdəki bəzi Türkiyə vətəndaşları prezident seçkilərində səs verə bilməyiblər

Siyasət Materials 4 Avqust 2014 10:48 (UTC +04:00)
Türkiyə Baş nazirinin müavini Əmrullah İşlər bəyan edib ki, xaricdəki ölkə vətəndaşlarının bəziləri prezident seçkiləri çərçivəsində səsvermənin gedişində bir sıra problemlərlə üzləşiblər.
Xaricdəki bəzi Türkiyə vətəndaşları prezident seçkilərində səs verə bilməyiblər

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Baş nazirinin müavini Əmrullah İşlər bəyan edib ki, xaricdəki ölkə vətəndaşlarının bəziləri prezident seçkiləri çərçivəsində səsvermənin gedişində bir sıra problemlərlə üzləşiblər. Bu barədə Trend bazar ertəsi "Haber 7" telekanalına istinadən xəbər yayıb.

Onun sözlərinə görə, bəzi Türkiyə vətəndaşları öz demokratik seçki hüquqlarını həyata keçirə bilməyərək prezident seçkilərində səsvermədə iştirak etməyiblər. Bununla yanaşı, Baş nazirin müavini bunun hansı səbəblərdən baş verdiyini dəqiqləşdirməyib.

Bir müddət əvvəl Türkiyə Baş nazirinin müavini Əmrullah İşlər bildirmişdi ki, Türkiyədə prezident seçkiləri çərçivəsində xaricdə seçicilərin səsvermədə iştirakı gözləniləndən az olacaq və 50 faizdən aşağı olacağı gözlənilir.

Onun sözlərinə görə, bu, xaricdə prezident seçkiləri üzrə səsvermənin ilk dəfə keçirilməsi ilə bağlı ola bilər.

Ə.İşlər qeyd edib ki, xaricdə yaşayan Türkiyə vətəndaşlarının Mərkəzi Seçki Komissiyasının (MSK) saytında onlayn qeydiyyatdan keçmələri üçün hər cür şərait yaradılsa da, saytda qeydiyyata alınan seçicilərin sayı 10 faizdən azdır.

Avqustun 3-də prezident seçkiləri üzrə Türkiyənin Albaniya, Azərbaycan, Bəhreyn, Bosniya və Herseqovina, Çexiya, Finlandiya, Gürcüstan, İran, İrlandiya, İspaniya, Küveyt, Misir, Özbəkistan, Polşa, Sudan, Tunis, Ukrayna, Oman, İordaniya, Yeni Zelandiya kimi ölkələrdə yaşayan vətəndaşları səs veriblər.

Qeyd edək ki, iyulun 31-də xaricdə yaşayan Türkiyə vətəndaşları üçün prezident seçkiləri çərçivəsində səsvermə keçirilib.

Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib. Namizədlərdən heç biri səslərin 51 faizini toplaya bilməsə, avqustun 24-də ikinci tur keçiriləcək.

Hakim Ədalət və İnkişaf Partiyası Türkiyə prezidenti postuna Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb.

İyunun 16-da isə Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti