...

Parisdə Şuranın dəstəyi ilə terror qurbanlarına dair təlim və görüşlər keçirilib (FOTO)

Siyasət Materials 8 Avqust 2014 07:44 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün maliyyə müsabiqəsinə uyğun olaraq “Terrorizmin Qurbanları Fransa Assosiasiyası”nın təşkilatçılığı ilə avqustun 3-11 tarixlərində Parisdə “Papillon” layihəsinin icrası üzrə təlim və görüşlər keçirilir.
Parisdə Şuranın dəstəyi ilə terror qurbanlarına dair təlim və görüşlər keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi (QHTDD) Şurasının xarici QHT-lər üçün maliyyə müsabiqəsinə uyğun olaraq "Terrorizmin Qurbanları Fransa Assosiasiyası"nın təşkilatçılığı ilə avqustun 3-11 tarixlərində Parisdə "Papillon" layihəsinin icrası üzrə təlim və görüşlər keçirilir. Layihənin əsas məqsədi ekstremizm və etnik separatçılığa dair sülhün təbliği, terrorizm qurbanları üçün uzunmüddətli psixoloji yardım proqramının hazırlanmasıdır.

Azərbaycan Prezidenti yanında QHTDD Şurasının mətbuat xidmətidən Trend-ə verilən məllumata görə, avqustun 5-6 tarixlərində Mərakeş, Fransa, Rusiya, Əlcəzair, İtaliya, Kolumbiya və digər ölkələrdən olan terrora məruz qalmış 22 şəxsin iştirakı ilə xüsusi düşərgədə bir neçə sessiyadan ibarət təlim keçirilib. Təşkilat sədri Giom Denoa de Sent Mark France çıxış edərək QHT-lərin terrorizm kimi qlobal problemə qarşı mübarizədə mühüm rol oynadığını vurğulayıb.

2014-cü ildə eyni zamanda Beynəlxalq Terror Qurbanları Assosiyasiyasının da prezidenti seçilən cənab Giom terrordan əziyyət çəkən ölkə kimi Azərbaycan Respublikasının bu sahədə maarifləndirmə işlərinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyib.

İlk olaraq, bir neçə qrupa bölünən terror qurbanlarının və psixoloqların iştirakı ilə dinləmələr baş tutub. Daha sonra terror qurbanları təlim proqramının müxtəlif istiqamətlərinə uyğun olaraq terrorizmə qarşı qeyri-formal təhsil üsulları vasitəsi ilə keçirilən maarifləndirmə tədbirlərində iştirak ediblər. Təlim iştirakçılarına, eyni zamanda, Ermənistanın işğal və terror siyasətindən əziyyət çəkən ölkəmiz haqqında obyektiv və ədalətli məlumatlar çatdırılıb.

Avqustun 7-də terror qurbanları üçün Paris meriyasında xüsusi görüş təşkil olunub. Tədbirdə terror qurbanları olan şəxslər, layihənin koordinatorları, bir sıra QHT rəhbərləri, KİV təmsilçiləri və Şuranın nümayəndələri iştirak edib.

Layihə iştirakçılarını salamlayan Paris merinin gənclər və QHT-lərlə iş üzrə müavini xanım Paulin Veron müasir dünyada davamlı sülhün təminatı üçün vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələrdən danışaraq, terrorizmə qarşı mübarizədə beynəlxalq həmrəyliyin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Paulin Veron Azərbaycanın terrorizmə qarşı mübarizə işinə verdiyi töhfənin təqdirəlayiq olduğunu qeyd edərək, vətəndaş cəmiyyətinin inkişafına və bilavasitə bu layihəyə göstərdiyi dəstəyə görə Şuraya təşəkkürünü bildirib.

Qeyd edək ki, "Papillon" layihəsinə Fransa mediası ciddi maraq göstərir. 3 avqust 2014-cü ildən indiyədək "La Croix" qəzeti, "RFİ" ( Radio France İnternational) radiosu, "France 3" və "France 24" İctimai televiziyaları və ru.euronews.com saytı layihənin icrası çərçivəsində keçirilən tədbirlərin gedişindən geniş reportaj yayımlayıb.

Xatırladaq ki, Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud və beynəlxalq əlaqələr üzrə məsləhətçi İlqar Dadaşov 5-8 avqust 2014-cü il tarixlərində "Terrorizmin Qurbanları Fransa Assosiasiyası"nın həyata keçirdiyi layihə çərçivəsində keçirilən tədbirlərdə iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti