...

Tacikistandan İrana suyun nəqli: reallıqlar və problemlər

Siyasət Materials 11 Avqust 2014 14:27 (UTC +04:00)
Yaxın Şərq və Asiya ölkələrinin bir çoxunda cəmiyyətin inkişafı və əhalinin artımı bu ölkələrdə suya və su ehtiyatlarına olan tələbatın artması ilə nəticələnərək susuzluq problemini böhran vəziyyətinə çartdırıb.
Tacikistandan İrana suyun nəqli: reallıqlar və problemlər

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Təmkin Cəfərov, Trend-in icmalçısı

Yaxın Şərq və Asiya ölkələrinin bir çoxunda cəmiyyətin inkişafı və əhalinin artımı bu ölkələrdə suya və su ehtiyatlarına olan tələbatın artması ilə nəticələnərək susuzluq problemini böhran vəziyyətinə çartdırıb. Lakin bu arada həmin ölkələr arasında ən acınacaqlı vəziyyət İrandadır.

Belə ki, son günlərdə İranda müxtəlif şəhərlərdə içməli su problemi böhran vəziyyətindədir. İran hökuməti əhalinin içməli suya olan tələbatını və suvarmada çatışmazlığı aradan qaldırmaq üçün yeni su resursları axtarır və bəzi layihələr həyata keçirmək niyyətindədir. Nümunə kimi Xəzər dənizindən və Oman körfəzindən suyun ölkənin mərkəzi bölgələrinə ötürülməsi kimi layihələri nümunə göstərmək olar.

İran quraqlıq zonada yerləşir və ötən 40 il ərzində bu ölkədə müxtəlif dövrlərdə quraqlıq olub. 1992-2002-ci illərdə baş verən quraqlıq bu ölkənin əkinçilik sahəsinə böyük ziyan vurub və bəzi şəhərlərdə, o cümlədən paytaxt Tehranda içməli suya kvotalar tətbiq olunub.

İranda quraqlıq dövrü adətən 5-7 il arası olur. 2008-ci ilin yay aylarından isə yeni dövr quraqlıqlar başlayıb. Elə bu səbəbdəndir ki, hazırda ölkənin bəzi şəhər və kəndlərində içməli suya kvotalar tətbiq olunub, bəzi şəhərlərdə isə su çatışmazılığı kritik həddə çatıb.

İSNA agentliyinin məlumatına görə, 2014-cü ilin avqust ayının 6-da İranın Xorasan əyalətinin məsul şəxslərindən olan Məhəmmədrza Möhsin maraqlı bir təkliflə çıxış edib. O, təklif edib ki, Tackistanın Sarez gölündən İranın Xorasan əyalətinə boru kəməri çəkilsin və bu gölün suyu boru xətti ilə Xorasana ötürülsün.

1911-ci ildə Tacikistanın şərqində böyük bir zəlzələ nəticəsində yaranan Sarez gölündən İranın Xorasan əyalətinə çəkiləcək su boru kəmərinin uzunluğu 600 kilometr olacaq.

Belə bir təklif Tacikistan tərəfindən də irəli sürülmüşdi. Tacikistanın Energetika Nazirliyinin rəsmisi demişdi ki, Sarez gölünün cənub bölgəsində su elektrik stansiyası tikiləcək, göldən su həmin stansiyaya və oradan İrana nəql oluna bilər.

İran ilk dəfə 10 il öncə Tacikistandan su idxal etmək üçün bu ölkənin rəhbərinə müraciət etmiş və Xorasan əyalətinə Tacikistandan suyun gətirilməsi layihəsinə 3 milyard dollar sərmayə yatırmağa hazır olduğunu demişdi. Bu təklif həmin vaxt reallaşmasa da, 2007-ci ildə İran və Tacikistan arasında suyun İrana ötürülməsi ilə bağlı müqavilə imzalandı. Həmin müqaviləyə əsasən, 2013-cü ilin əvvəlinə kimi sutkada bir milyard kubmetr içməli su İrana ötürülməli idi. Lakin bu müqavilə hələ də icra olunmur. İran öz neft və qazını Tacikistanın suyu ilə barter etməyi də təklif edib. Bu təklif bəzi qonşu ölkələr tərəfindən enerji çatışmazlığı ilə təhdid olunan Tacikistan üçün şirin təklif olsa da, hələlik icrası mümkün olmayıb.

Tacikistana su qarşılığında neft təklif edən təkcə İran deyil. 2014-cü ilin may ayında Küveyt də belə bir təkliflə Tacikistana müraciət etmişdi. Lakin görünən odur ki, Tacikistandan suyun İran və Küveytə ixracında əngəllər az deyil.

İran və Tacikistan arasında su və neftin barteri məqsədi ilə iki ölkə arasında tikilməkdə olan dəmir yolundan istifadə edilməsi də təklif olunub. İran öz dəmir yolunu Əfqanıstan vasitəsi ilə Tacikistana birləşdirməyi planlaşdırır. Hazırda bu dəmir yolunun tikintisi istiqamətində işlər davam etsə də, layihənin yaxın gələcəkdə tamamlanması gözlənilmir.

Tacikistan suyunun İrana ixracında maneə yalnız infrastrukturun olmaması deyil. Tacikistanın daxilində bəzi bölgələrdə su çatışmazlığının olması və bu ölkənin cənub qonşularının Tacikistanın su siyasətinə etirazları da digər maneələrdir. Belə ki, Mərkəzi Asiya ölkələrinin suyunun üçdə bir hissəsi Tacikistandakı dağlardakı bulaqlardan təmin olunur. Bu ölkədə su resursları çox olsa da, ölkə əhalisinin böyük əksəriyyəti hələ də içməli su problemi ilə üz-üzədir.

Bundan başqa Tacikistanın cənub qonşuları bu ölkədə su bəndlərinin tikilməsindən narahatdırlar. Çünki həmin ölkələrin suya olan ehtiyaclarının təmini birbaşa Tacikistandan asılıdır. Tacikistanda su bəndlərinin tikilməsi və suyun digər ölkələrə ixracı ilə həmin ölkələrdə su çatışmazlığı yarana bilər. Bu isə öz növbəsində həmin ölkələri narahat edən məsələlərdən biridir və məhz bu səbədən həmin ölkələr Tacikistanın İrana su ixracatı proqramına etiraz edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti