...

Uğurun ünvanı – Azərbaycan və Türkiyə

Siyasət Materials 19 Sentyabr 2014 14:51 (UTC +04:00)
Türkiyə hökumətinin başçısı Əhməd Davudoğlu Azərbaycana Baş nazir kimi ilk rəsmi səfərinə gəlib.
Uğurun ünvanı – Azərbaycan və Türkiyə

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Türkiyə hökumətinin başçısı Əhməd Davudoğlu Azərbaycana Baş nazir kimi ilk rəsmi səfərinə gəlib. Səfər çərçivəsində Baş nazir Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və azərbaycanlı həmkarı Artur Rasi-zadə ilə görüş keçirib. Əhməd Davudoğlu sabah isə Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi layihəsinin açılışında iştirak edəcək.

Bakıya səfəri zamanı açıqlama verən Baş nazir bir çox regional məsələlər də daxil olmaqla, iki dövlət arasında iqtisadi-siyasi əlaqələrin daha da gücləndirilməsi məsələlərini müzakirə edəcəyini bildirdi, Azərbaycan və Türkiyənin dünya əhəmiyyətli layihələrə imza atacağını xüsusi olaraq vurğuladı.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə digər məsələlərlə yanaşı, heç şübhəsiz, Dağlıq Qarabağ problemi də müzakirə edildi.

Hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Türkiyə bu dəfə də bunu dünyaya nümayiş etdirdi. Davudoğlu Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Azərbaycan torpaqlarının hər qarışı azad olunana qədər və bundan sonra da Türkiyənin Azərbaycana hər cür dəstək verəcəyini açıqladı.

Baş nazirin sözlərinə görə, Türkiyə və Azərbaycan bölgəni sülh regionu etmək üçün bundan sonra da çiyin-çiyinə çalışaraq, beynəlxalq məsələlərdə qarşılıqlı əməkdaşlıq edəcək və bir-birini dəstəkləyəcək.

Digər önəmli məsələlərdən biri də Bakı və Ankaranın hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edən müdafiə sənayesi sahəsində birgə layihələrə başlayacağıdır.

Tərəflər arasında müdafiə sənayesi sahəsində əlaqələrin güclənməsi Azərbaycanın Cənubi Qafqazın, Türkiyənin isə bölgəsinin qüdrətli dövləti mövqeyini möhkəmləndirəcək.

Ümumiyyətlə, Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı anlayış və qardaşlıq prinsiplərinə arxalanan siyasətin mövcudluğu ilə yanaşı, iki ölkə regionda bir çox ciddi iqtisadi layihələr həyata keçirirlər.

Reallaşdırılan energetika layihələri təkcə Azərbaycan və Türkiyə üçün deyil, dünya üçün də ciddi əhəmiyyətə malikdir. Son illər dünyanın bir çox ölkəsində siyasi gərginliyin artmasına, ciddi iqtisadi problemlərin olmasına baxmayaraq, Azərbaycan və Türkiyə iqtisadiyyatı kifayət qədər yüksək templə inkişaf edib.

İki ölkənin iqtisadi sahədə həyata keçirdiyi layihələrdən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və Trans-Anadolu qaz kəməri (TANAP) layihələrə daha irimiqyaslıdır.

Sabah - sentyabrın 20-də "Cənub Qaz Dəhlizi"nin tikintisinə start verilməsi energetika sahəsində regionun əhəmiyyətini daha da artırır.

Təbii ki, Azərbaycanın həyata keçirdiyi enerji layihələri sadalananlarla bitməyəcək və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr ölkənin əhəmiyyətini artırmaqla yanaşı, əməkdaşlıq perspektivini də genişləndirəcək.

Azərbaycan və Türkiyənin həyata keçirdiyi ortaq layihələr dünya üçün iqtisadi töhfə olsa da, yürütdüyü işğalçılıq siyasətinin əsiri olan Ermənistan bu töhfəyə baxmaqla kifayətlənməli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti