...

Valentina Matviyenko: Bakı Beynəlxalq Humanitar Forumu "intellektual Davos" oldu (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Oktyabr 2014 12:40 (UTC +04:00)
"Nüfuzlu Bakı Beynəlxalq Humanitar Forumu ildən-ilə böyüyür və onu qeyri-formal olaraq "intellektual Davos" adlandırırlar".
Valentina Matviyenko: Bakı Beynəlxalq Humanitar Forumu "intellektual Davos" oldu (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Seymur Əliyev/

"Nüfuzlu Bakı Beynəlxalq Humanitar Forumu ildən-ilə böyüyür və onu qeyri-formal olaraq "intellektual Davos" adlandırırlar". Trend xəbər verir ki, bunu cümə axşamı IV Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

Matviyenko deyib: "Forumun xüsusilə hazırkı beynəlxalq şəraitdə əhəmiyyəti heç də iri və mühüm beynəlxalq iqtisadi tədbirlərdən az deyil. Və bu, qanunauyğun nəticədir".

Onun fikrincə, Forumun həqiqi humanitar birləşdirici xarakterini iştirakçıların elm, təhsil, mədəniyyət və incəsənət sahəsində sıx qarşılıqlı fəaliyyətin dərinləşməsinə yekdil cəhdləri əks etdirir: "Qeyd etmək vacibdir ki, humanizm bizim dövrümüzdə də əsas dəyər bazası olaraq qalır. Bu cəhd həm gündəlik həyatda, həm də siyasətdə insanın ləyaqətini təsdiqləyir, mənəvi dəyərləri möhkəmləndirir".

Matviyenko qeyd edib: "Bugünkü forumun əsas vəzifəsini humanizmin real dəyərlərinin praktik təcəssümü kimi, humanitar əməkdaşlığın yeni imkanlarının müzakirəsində görürəm. Forumun belə yüksək səviyyəsi artıq onun uğurunun rəhnidir. Azərbaycan-Rusiya əlaqələri humanizmin parlaq nümunəsidir. Bu gün həmin əməkdaşlıq artıq möhkəm qanunverici əsaslara da malikdir. Onun dinamik inkişafının əsas amili Azərbaycan və Rusiya rəhbərlərinin dialoqudur. Şəxsən ölkələrimizin prezidentləri münasibətlərin möhkəmlənməsinə xüsusi töhfə verirlər. İki ölkə parlamentləri arasında ənənəvi dostluq əlaqələri yaranıb".

Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentlərinin münasibətlərinin xarakteri çox güvənli və konstruktivdir: "Onlar yalnız bu il görüşüblər və Xəzər Zirvə toplantısının gedişindəki kimi sıçrayışlı qərarlara nail olublar ki, bu da Rusiya və Azərbaycanın səmərəli qarşılıqlı fəaliyyətinin nəticəsidir".

Matviyenko bildirib ki, iki ölkənin münasibətlərinin səviyyəsi regionda sabitliyin ciddi amilidir: "Mövqelərimiz beynəlxalq və regional problemlərin əksəriyyətində ya yaxındır, ya da üst-üstə düşür. Biz Azərbaycanla Birləşmiş Millətlər Təşkilatında da, başqa beynəlxalq təşkilatlarda da, həmçinin parlament xətti ilə çox fəal qarşılıqlı fəaliyyət göstəririk".

IV Bakı Beynəlxalq Humanitar Forumu cümə axşamı Bakıda öz işinə başlayıb.

İllik Bakı forumu bu il oktyabrın 2-3-də keçirilir. Oktyabrın 4-5-də isə respublikanın regionlarına - Naxçıvan, Lənkəran, Qəbələ və Qubaya turlar təşkil olunacaq.

Forumda məşhur siyasətçilər, ictimai-siyasi dairələrin nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti