...

Azərbaycan yeni dostlar qazanmaq istiqamətində uğurlu addımlar atır

Siyasət Materials 30 Oktyabr 2014 15:54 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə Azərbaycanda səfərdə olan Albaniyanın sabiq Prezidenti Recep Meydani ilə görüşüb.
Azərbaycan yeni dostlar qazanmaq istiqamətində uğurlu addımlar atır

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə Azərbaycanda səfərdə olan Albaniyanın sabiq Prezidenti Recep Meydani ilə görüşüb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə 2015-ci ildə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqlar - Forumda müzakirə ediləcək mövzular, dəvət ediləcək qonaqlar və s. haqqında fikir mübadiləsi aparılıb. Söhbət zamanı Forumun əhəmiyyəti xüsusi vurğulanıb, bildirilib ki, tədbir Azərbaycan, bölgə, eləcə də Avropa məkanı üçün vacib və önəmli hadisədir.

Müzakirələrdə artıq üçün dəfə keçiriləcək beynəlxalq forumun dünyada baş verən siyasi proseslərin, münaqişələrin qarşılıqlı əməkdaşlıq və dialoq yolu ilə həllinə öz real töhfəsini verdiyinə inam ifadə olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun əməkdaşlığı çərçivəsində baş tutan forumun Azərbaycanın dünyada, beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsində, siyasi dialoqa, beynəlxalq hüquq normalarına dəyər verən bir ölkə kimi tanıdılması istiqamətində böyük rol oynaması da görüşdə vurğulanan məqamlardan olub. Qeyd olunub ki, forumun işinə qatılan yüksək səviyyəli qonaqların sayının ildən-ilə artması Azərbaycanın yeni dostlar qazanması istiqamətində atdığı uğurlu addımların nəticəsidir.

N.İbrahimovla R.Meydaninin görüşündə Madrid Klubu, dünyanın digər nüfuzlu təşkilatları ilə əməkdaşlıq məsələləri, yeni birgə layihələrin həyata keçirilməsi, həmçinin Albaniya ilə Azərbaycan arasında diaspor fəaliyyəti istiqamətində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

R.Meydani Azərbaycana səfəri çərçivəsində ölkənin digər rəsmi qurumlarında da bir sıra görüşlər keçirib, Azərbaycan Dillər Universitetində mühazirə oxuyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti