Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Təmkin Cəfərov/
"Azərbaycan və İran arasındakı münasibətlər tarixi köklərə və xalqların dostluq münasibətlərinə əsaslanır. Ona görə də hakimiyyətlər dəyişsə belə, bu münasibətlər korlana bilməz. Bu baxımdan "güclü küləklər və hətta dağıdıcı tufanlar" iki ölkənin xalqlarının möhkəm dostluğuna və əlaqələrinə ziyan vura bilməz". Bu sözləri Trend-ə eksklüziv açıqlamasında Prezident Həsən Ruhaninin Azərbaycana gözlənilən səfəri ilə bağlı hazırda Bakıda olan İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur deyib.
İ.Rəhimpur bildirib ki, İranın 7 ölkə ilə quru və 8 ölkə ilə su sərhədləri var: "Bu qonşu ölkələr arasında çox az ölkə var ki, İran və Azərbaycan kimi xeyli oxşarlığı olsun və Azərbaycanın həmin 15 ölkə arasında İranın xarici siyasətində özünəməxsus yeri var və xüsusi özəlliyə malik ölkədir".
İranlı diplomat Azərbaycan və İran arasındakı münasibətləri yaxşı səviyyədə qoruyub saxlamaq üçün hər iki tərəfin diqqətli olmasına ehtyac olduğunu vurğulayıb: "Sevindirici haldır ki, hazırda hər iki ölkə əlaqələrin yüksək səviyyədə qorunub saxlanılmasında maraqlıdır və iki ölkənin münasibətlərini korlamaq istəyən qüvvələrə lazımi cavabı verməyə qadirdirlər. Heç bir güc iki ölkə arasında olan dostluğa ziyan vura bilməz".
Nazir müavini Azərbaycan və İran arasında mədəni, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın hər iki ölkə üçün proritet olduğunu vurğulayıb: "İki ölkənin xalqlarının rifahının, sabitlik və təhlükəsizliyinin təmini üçün, mədəni, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq həm ikitərəfli, həm də regional baxımdan prioritetdir və iki ölkə arasındakı sənədlər və müzakirələr bu məsələləri nəzərdə tutur".
İ.Rəhimpur deyib ki, H.Ruhaninin Azərbaycana səfəri zamanı da iki ölkə arasında iqtisadi, mədəni, siyasi, hüquqi, prezidentlərin birgə bəyanatı, Xudafərin körpüsü və sərhəd çayları ilə bağlı sənədlər razılaşdırılacaq.
Onun sözlərinə görə, imzalancaq sənədlərdən 8-i artıq İran tərəfindən razılaşdırılıb. Hazırda 3 sənədlə bağlı müzakirələr aparılır ki, bu yaxınlarda həmin sənədlər də tam razılaşdırılacaq.
Qeyd edək ki, İran Prezidenti H.Ruhaninin Azərbaycana iki günlük səfəri noyabrın 12-də başlayacaq.