...

Türkiyə ənənəvi və "Amerikan islamı" qarşıdurmasına doğru

Siyasət Materials 15 Dekabr 2014 11:28 (UTC +04:00)
Türkiyədə bir ildən çox davam edən və Fətullah Gülənlə Rəcəb Tayyib Ərdoğanın şəxsi qarşıdurması kimi qələmə verilən gərginlik dekabrın 14-də Gülən ("Hizmət") hərəkatının media və təbliğat qolu hesab edilən “Zaman” qəzeti və “Samanyolu” telekanalının rəhbərlərinin polis tərəfindən saxlanılması ilə nəticələndi.
Türkiyə ənənəvi və "Amerikan islamı" qarşıdurmasına doğru

Ərəb xəbərlər xidmətinin rəhbəri
Rufiz Hafizoğlu - Trend:



Türkiyədə bir ildən çox davam edən və Fətullah Gülənlə Rəcəb Tayyib Ərdoğanın şəxsi qarşıdurması kimi qələmə verilən gərginlik dekabrın 14-də Gülən ("Hizmət") hərəkatının media və təbliğat qolu hesab edilən "Zaman" qəzeti və "Samanyolu" telekanalının rəhbərlərinin polis tərəfindən saxlanılması ilə nəticələndi.

Belə ki, Türkiyə polisinin İstanbulda keçirdiyi xüsusi əməliyyat nəticəsində "Zaman" qəzetinin baş redaktoru Əkrəm Dumanlı və "Samanyolu" telekanalının yayım rəhbəri Hidayət Karaca polis tərəfindən saxlanıldı.

Gülən hərəkatına qarşı keçirilən əməliyyatların xeyli vaxtdır aparılmasına baxmayaraq, Davudoğlu hökumətinin KİV-ə münasibəti heç də birmənalı qarşılanmadı.

Polisin həyata keçirdiyi əməliyyatlar bitər-bitməz ilk açıqlama ABŞ-dan gəldi. Dövlət Departamentinin sözçüsü Cen Psaki Birləşmiş Ştatların Türkiyədə KİV nümayəndələrinin silsilə həbslərindən narahat olduğunu açıqladı.

Türkiyə hökuməti yaxşı bilir ki, ölkə polisinin həyata keçirdiyi əməliyyatlardan bu və ya digər şəkildə Ankara əleyhinə təzyiq kimi istifadə ediləcək. Hökumətin belə addım atması isə əslində düşündürücü məqamlardan biridir.

Dolayısı ilə, Davudoğlu hökuməti ikisindən birini seçməli idi: ya ölkənin daxildən dağılması, hakimiyyətin dəyişməsi, Ankara üçün həyati əhəmiyyət daşıyan və kürdlərlə barışığı nəzərdə tutan "demokratik açılım" ("Çözüm süreci") prosesinin yarımçıq qalmasını, ya da KİV nümayəndələrinə qarşı keçirilən əməliyyatlara görə ABŞ və Qərbin təzyiqini.

ABŞ və Qərbdə də söz və ifadə azadlığının nisbi olduğunu yaxşı bilən Türkiyə daxili stabilliyin qorunmasına daha böyük önəm verir.

Hazırda Davudoğlu hökumətinin əsas hədəfi Pensilvaniyada olan və Türkiyədə "Amerikan islamı"nın banisi kimi tanınan Fətullah Gülənin ölkəyə ekstradisiyasıdır.

Buna baxmayaraq, Türkiyə bunun asan olacağına inanmır. Ən azından ona görə ki, ABŞ xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq edən Gülənin "istifadə müddəti" bitməyib.

Ümumiyyətlə, Türkiyədə Gülən hərəkatına qarşı keçirilən və mediada "Təmizlik Zamanı" adlandırılan əməliyyatların bundan sonra da davam edəcəyi gözlənilir.

Gülən hərəkatına qarşı aparılan "təmizlik işləri" ilə ideoloji bazaya sahib hərəkatın sonuna çıxmaq da bir o qədər inandırıcı deyil. Çünki aparılan əməliyyatlar hərəkatın daha da konspirativ fəaliyyət göstərməsi ilə nəticələnəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti