...

Xədicə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb

Siyasət Materials 27 Yanvar 2015 14:30 (UTC +04:00)
Məhkəmə Jurnalist Xədicə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb.
Xədicə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlkin İzzət/

Məhkəmə Jurnalist Xədicə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb.

Səbail rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, yanvarın 27-də Səbail Rayon Məhkəməsində istintaq orqanının həbsdə olan jurnalist Xədicə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə verdiyi vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edərək X.İsmayılovanın həbs müddətinin daha 2 ay uzadıması barədə qərar qəbul edib.

Qeyd edək ki, 2014-cü il dekabrın 6-da Baş Prokurorluğun yaydığı məlumatda bildirirlirdi ki, "Azadlıq Radiosu" və "Meydan TV" teleradio şirkətində müxbir vəzifəsində işləmiş Mustafayev Tural Bulud oğlunun 2014-cü il 20 oktyabr tarixdə Dənizkənarı Milli Parkda insan orqanizmi üçün zərərli olan "Sink oksid" dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Trend Baş Prokurorluğun saytına istinadən xəbər verir ki, T.Mustafayev Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək həmin KİV-lərdə işlədiyi müddətdə "Azadlıq Radiosu"nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib.

İstintaqla müəyyən edilib ki, T.Mustafayev 2013-cü ilin fevralında "Azadlıq Radiosu"na bölgə müxbiri vəzifəsinə işə qəbul olunaraq həmin redaksiyada jurnalist işləyən X.İsmayılova ilə tanış olmaqla aralarında yaxın münasibətlər yaranıb və mütəmadi olaraq onun mənzilində yaşayıb. X.İsmayılova şəxsi əlaqələrindən istifadə edib ona himayədarlıq etməklə sonuncunun iş fəaliyyətində, məişət şəraitinin qurulmasında və maddi durumunun yaxşılaşmasında bilavasitə köməklik göstərməklə özündən asılı vəziyyətə salıb. Qısqanclıq zəminində münasibətləri pozulduğundan X.İsmayılova redaksiyadakı şəxsi nüfuzundan istifadə edərək 2013-cü ilin noyabrında onun işdən azad edilməsinə nail olub. Bir müddət sonra münasibətləri yenidən normallaşaraq X.İsmayılova onu "Meydan TV" teleradio şirkətinə yüksək ödənişli əməkhaqqı ilə müxbir vəzifəsinə işə düzəltdirib. Lakin T.Mustafayevin başqa qadınla ailə həyatı qurmaq istəyini bildikdə X.İsmayılovanın bilavasitə təhriki ilə o, 2014-cü ilin martında teleradio şirkətindəki işindən çıxarılır.

İstintaqla, həmçinin müəyyən edilib ki, T.Mustafayev X.İsmayılova tərəfindən təhdid və təzyiqlərə məruz qaldığından vəziyyətdən çıxış yolu kimi 2014-cü il 1 may tarixdə Bakı şəhərində kirayədə yaşadığı mənzildə mələfədən düzəltdiyi ilgəklə özünü asma yolu ilə öldürməyə cəhd edib, lakin özündən asılı olmayan səbəbə görə niyyəti baş tutmayıb.

Araşdırmalar zamanı X.İsmayılovanın İ.Mustafayevlə münasibətlərinin pisləşməsi və onun başqa qadınla ailə həyatı qurmaq istəməsi ilə əlaqədar şəxsi əlaqələrindən istifadə edərək sosial şəbəkələrdə və yaxın tanışları arasında ləyaqətini mütəmadi olaraq alçaltmasında, jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş hərəkətləri ilə onu işdən azad etdirməklə ondan asılı vəziyyətə düşməsinə nail olmasında, maddi vəziyyətinin pisləşməsində, eyni zamanda, yaxın münasibətlərinin bərpa olunmayacağı təqdirdə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələməsində, eləcə də T.Mustafayev ondan əl çəkməyəcəyi halda özünü öldürəcəyini bildirsə də, X.İsmayılovanın buna əhəmiyyət verməyərək ona qarşı qanunazidd hərəkətlərini davam etdirməsində əsaslı şübhələr olduğundan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Toplanmış sübutlar əsasında X.İsmayılovaya Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail Rayon Məhkəməsinin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Hazırda Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində iş üzrə istintaq tədbirləri davam etdirilir.

Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X.İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti