...

Amerika Yəhudi Komitəsi: "Azərbaycanın ABŞ üçün nə dərəcədə strateji dövlət olduğunu daha çox yaymalıyıq"

Siyasət Materials 2 Fevral 2015 13:34 (UTC +04:00)
Azərbaycan dünyada yeganə dövlətdir ki, burada yəhudilərə qarşı bir dəfə də olsun antisemitizm halına yol verilməyib.
Amerika Yəhudi Komitəsi: "Azərbaycanın ABŞ üçün nə dərəcədə strateji dövlət olduğunu daha çox yaymalıyıq"

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir İlkin İzzət/

"Azərbaycan dünyada yeganə dövlətdir ki, burada yəhudilərə qarşı bir dəfə də olsun antisemitizm halına yol verilməyib. Hətta ABŞ-ın özündə belə hallara yol verilsə də, Azərbaycanda yəhudilərə uzun əsrlər boyu isti, əsl qardaşlıq münasibəti göstərilib". Trend xəbər verir ki, bunu bu gün Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin nümayəndə heyətini qəbul edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

N.İbrahimov qeyd edib ki, Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasında bir neçə il əvvəl başlayan əməkdaşlıq ilbəil inkişaf edir. Komitə sədri bundan sonra münasibətlərin yüksələn xətlə davam edəcəyinə inandığını deyib: "Devid Harrisin hər səfərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi bizim əlaqələrin inkişafını və Azərbaycan tərəfinin bu münasibətlərə nə qədər önəm verdiyini göstərir. Amerika Yəhudi Komitəsi Azərbaycan-ABŞ, Azərbaycan-İsrail əlaqələrinin, eləcə də Azərbaycan və yəhudi icmaları arasında münasibətlərin inkişafında, həmçinin Azərbaycanın səsinin dünyaya çatdırılmasında xüsusi rol oynayıb".

Dövlət Komitəsinin sədri bildirib ki, yəhudilər Azərbaycana e.ə. 700 il əvvəl gəlməyə başlayıb: "Biz 2700 il yaşı olan dostluqdan, qardaşlıqdan çıxış edərək Azərbaycanın səsinin dünyaya çatdırılmasını xahiş etməyə haqqımız var. Bizim Azərbaycanın dünyaya daha çox tanıdılmasında, ikili standartlara yol verilməməsində, ölkədə gedən proseslərin düzgün şəkildə çatdırılmasında dostlara ehtiyacımız var".

Amerika Yəhudi Komitəsinin icraçı direktoru və nümayəndə heyətinin rəhbəri Devid Harris 2008-ci ildən başlayan belə səfərlərin davamlı olacağını deyib.

Azərbaycanla əlaqələrin inkişafına önəm verdiklərini deyən D.Harris burada müxtəlif millətlərin birgə yaşamasının, eləcə də uzun illərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına münasibətin yüksək səviyyədə olmasının rəğbət doğurduğunu deyib.

O, rəsmi Bakı ilə Vaşinqton arasında münasibətlərin, eyni zamanda, İsrailin dostu kimi Azərbaycanla İsrailin ikitərəfli əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib. O, həmçinin Azərbaycanın dünyaya daha çox tanıdılmasına ehtiyac duyulduğunu vurğulayıb: "Biz Azərbaycanı dünyaya daha çox tanıtmalı və təbliğ etməliyik. Azərbaycanın ABŞ üçün nə dərəcədə strateji dövlət olduğu, İsraillə münasibətlərinin dərinliyi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycan cəmiyyətinin aliliyi, buradakı tolerantlıq yetərincə təbliğ olunmur. Biz bu məsələlərin ABŞ-da təbliği üçün əlimizdən gələni etməli, bunları bütün dünyaya daha çox yaymalıyıq".

Onun fikrincə, Azərbaycandan ABŞ-a xüsusən buradakı müsəlman, yəhudi və xristian dini liderlərinin çoxlu səfərləri təşkil edilməli, onlar ABŞ ictimaiyyətini Azərbaycandakı tolerantlıq və dinlərarası xoş münasibət barədə məlumatlandırmalıdırlar.

Daha sonra tərəflər müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib, bu görüşlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini bildiriblər.

Görüşdə, həmçinin Dövlət Komitəsi ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti