...

Xarici QHT-lərin Azərbaycanda nümayəndəlik və filialının yaradılmasına məhdudiyyət qoyuldu

Siyasət Materials 12 Fevral 2015 10:30 (UTC +04:00)
“Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları”nda dəyişiklik edilib.
Xarici QHT-lərin Azərbaycanda nümayəndəlik və filialının yaradılmasına məhdudiyyət qoyuldu

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İlkin İzzət/

Nazirlər Kabineti "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"nda dəyişiklik edib.

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, Qaydalara dəyişiklik edilməsi ilə bağlı qəbul edilən qərara əsasən, xarici dövlətlərin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycan Respublikasının ərazisində bir nümayəndəlik və ya filial yaradıla bilər. Xarici dövlətlərin QHT-ləri filial və ya nümayəndəliyin Azərbaycan Respublikasında dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması məqsədilə danışıqların başlanması üçün təşkilatın səlahiyyətli nümayəndəsi Ədliyyə Nazirliyinə yazılı müraciət etməlidir.

Qeyd edək ki, xarici dövlətlərin QHT-lərinə Azərbaycanda nümayəndəlik və ya filial yaradılması ilə əlaqədar məhdudiyyət qoyulması Milli Məclis tərəfindən qəbul edilən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2014-cü il 17 oktyabr tarixli Qanununda nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyev isə həmin Qanunun tətbiqi barədə 18 noyabr 2014-cü il tarixdə müvafiq sərəncam imzalayıb. Nazirlər Kabinetinin bu qərarı da adıçəkilən Qanun və sərəncamdan irəli gələn məsələlərin icrası ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti