...

Prezident İlham Əliyev Bakıda tikilən qanunsuz villalarla bağlı sərt xəbərdarlıq etdi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 20 May 2015 18:08 (UTC +04:00)
Azərbaycanda bu qədər işlər görülür, bu qədər abadlıq, təmir-bərpa işləri aparılır. Bütün işlər ən yüksək keyfiyyətlə görülməlidir. Ancaq biz görürük ki, bu qaydalar pozulur, qanunsuz evlər tikilir.
Prezident İlham Əliyev Bakıda tikilən qanunsuz villalarla bağlı sərt xəbərdarlıq etdi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 20 may /Trend/

"Azərbaycanda bu qədər işlər görülür, bu qədər abadlıq, təmir-bərpa işləri aparılır. Bütün işlər ən yüksək keyfiyyətlə görülməlidir. Ancaq biz görürük ki, bu qaydalar pozulur, qanunsuz evlər tikilir. Azərbaycanda, Bakıda indi nə qədər qanunsuz evlər tikilir. Sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının xəbəri yoxdur, şəhər icra başçılarının xəbəri yoxdur, heç kimin xəbəri yoxdur". Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında deyib. Məlumatı AzTV yayıb.

Prezident bildirib ki, bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən görüb ki, vaxtilə ulu öndər Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq" parkının bir hissəsini yenə də zəbt ediblər: "Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, "Dostluq" parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün. Qoy, onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz "Dostluq" parkının yanında - yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxamdı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı. Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib. Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. Bütün vəzifəli şəxslər - ilk növbədə onlar nümunə olmalıdırlar".

Prezident qeyd edib ki, qanunsuz tikinti işləri aparılır, sonra da bu tikililər qanunsuz sənədləşdirilir: "Yüksək gərginlikli elektrik xətlərinin altında nə qədər binalar tikilib. İnsanlar bəlkə də bunu başa düşmür. Bu onların özləri üçün nə qədər böyük təhlükədir. Bu qanunsuz binalar haradan meydana gəlib? Heç kim bilmir. Bu da qanunsuzluq, özbaşnalıqdır. Buna son qoyulmalıdır. Ona görə də gələcəkdə belə bədbəxt hadisələrin təkrarlanmaması üçün komissiya üzvləri mənə konkret təklif verir".

İlham ƏIiyev bildirib ki, bir kiçik bina belə icazəsiz tikilə bilməz: "Əgər bundan sonra belə qanunsuz əməllər olacaqsa, bu özbaşınalığı edənlər nəinki işdən çıxardılacaq, cinayət məsuliyyətinə də cəlb ediləcəklər. Azərbaycan ictimaiyyəti də görür ki, Azərbaycanda toxunulmaz insan yoxdur. Cinayət törədibsə, məsuliyyət olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti