...

Səfir: İranın heç vaxt nüvə silahı yaratmaq məqsədi olmayıb

Siyasət Materials 30 İyun 2015 16:34 (UTC +04:00)
"İran heç zaman qarşısına nüvə silahı istehsal etməyi məqsəd qoymayıb". Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.
Səfir: İranın heç vaxt nüvə silahı yaratmaq məqsədi olmayıb

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Təmkin Cəfərov/

"İran heç zaman qarşısına nüvə silahı istehsal etməyi məqsəd qoymayıb". Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.

Onun sözlərinə görə, ABŞ-ın 16 təhlükəsizlik orqanının 2007 və 2012-ci ildə yaydığı məruzədə açıq şəkildə İranın nüvə fəaliyyətində hərbi aspektlərin olmadığı qeyd olunmuşdu: "İran və "altılıq" ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin - red.) hazırda İranla nüvə sazişinin bağlanması məsələsini müzakirə edirlər. Aprelin 2-də əldə olunmuş siyasi razılığa əsasən, iyunun 30-dək tərəflər nüvə müqaviləsi bağlamalı idi, lakin hələlik ortaq məxrəcə gələ bilməyiblər".

Səfir qeyd edib ki, dini lider ayətullah Əli Xamneyi nüvə silahından istifadənin haram olduğu ilə bağlı fitva verib və ABŞ rəsmiləri bu fitvanı dəfələrlə vurğulayırlar.

M.Pakayin əlavə edib ki, nüvə sazişinin əleyhinə olan əsas ölkə İsraildir: "Halbuki özünün 200 nüvə silahı var və Beynəlxalaq Atom Enerjisi Agentliyinin Nüvə Silahının Yayılmaması haqqında Müqaviləsinin (NPT) üzvü deyil".

Diplomatın sözlərinə görə, İsrail 1992-ci ildən İranın 2-3 il ərzində nüvə silahı istehsal edəcəyini təkrar edir və bu iddialar İrana qarşı sanksiyaların tətbiqinə zəmin yaratdı.

Səfir vurğulayıb ki, İran təzyiqlərə yenilməyəcək və qeyri-qanuni tələbləri də qəbul etməyəcək.

Diplomat, həmçinin ötən illərdə İranda nüvə alimlərinin sui-qəsdə məruz qalmasına toxunaraq bildirib ki, Qərb bu hadisələri pisləmədi: "Hazırda nüvə elmi İranda tamamilə yerli bir elmə çevrilib. Yüzlərlə nüvə alimi var və onlar sülhməramlı fəaliyyətə davam edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti