Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir Təmkin Cəfərov/
"Azərbaycan ilə İran arasında əməkdaşlığın inkişafı üçün çox gözəl anlaşmalar əldə olunub, lakin hələlik bu anlaşmalar tam icra olunmayıb". Bunu Trend-ə eksklüziv müsahibəsində İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur deyib.
İ.Rəhimpur ümid etdiyini bildirib ki, hər iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri və müzakirələri ilə bu anlaşmalar tezliklə tam şəkildə icra olunacaq.
İran XİN rəsmisi qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən İran bu ölkənin müstəqilliyini tanıyan ilk ölkərdən biri olub və Azərbaycanı dəstəkləyib:
"Müstəqilliyin ilk günlərindən Naxçıvan Muxtar Respublikasına ziyan dəyməsin deyə yardım etdik və onu qoruduq".
İ.Rəhimpurun sözlərinə görə, son 23 il ərzində İran və Azərbaycan arasında əlaqələrin ən yaxşı dövrü son iki ilə təsadüf edir:
"Bu hər iki ölkənin prezidentinin ciddi iradəsi nəticəsində baş verdi. Hər iki ölkə kənar gərginliklərin azaldılması və əməkdaşlıqların artırılması üçün ciddi iradə ortaya qoydu. Hələlik biz hər iki ölkə prezidentinin əlaqələrin inkişafı üçün qarşıya qoyduqları məqsədə çatmamışıq".
XİN rəsmisi hesab edir ki, həm İran, həm də dost və qardaş Azərbaycan rəsmiləri iki ölkənin potensialından yararlanaraq ölkə xalqlarının mənafei üçün daha fəal çalışmalıdır:
"Biz bu potensiallardan təkcə iki ölkənin mənafeyi uğrunda deyil, həmdə regionun və regionda sülhün təmini uğrunda yararlanmalıyıq. Ümid edirik ki, ölkə arasında rəsmi şəxslərin qarşılıqlı səfərləri öz bəhrəsini verəcək".