...

Britaniya parlamentində "Xocalı Sülh Mükafatı"nın təqdimatı olub (FOTO)

Siyasət Materials 25 Fevral 2016 15:33 (UTC +04:00)
Böyük Britaniya parlamentində Xocalı qətliamının qurbanları incəsənət vasitəsilə və ilk “Xocalı Sülh Mükafatı”nın təqdimatı ilə anılıb.
Britaniya parlamentində "Xocalı Sülh Mükafatı"nın təqdimatı olub (FOTO)

Bakı. Trend:

Böyük Britaniya parlamentində Xocalı qətliamının qurbanları incəsənət vasitəsilə və ilk "Xocalı Sülh Mükafatı"nın təqdimatı ilə anılıb.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, həmin axşam Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və başqa müharibələrin sülh yolu ilə həllinin təbliği, qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyətinə ictimai diqqəti çəkmək məqsədilə Böyük Britaniyada təhsil alan tələbə və gənc rəssamlar tərəfindən təqdim edilmiş bir sıra incəsənət işlərinin sərgisi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət!" təbliğat-təşviqat kampaniyası çərçivəsində TEAS tərəfindən təşkil edilmiş müsabiqə və sərgi 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı qətliamı qurbanlarının əziz xatirəsinə həsr edilib.

Böyük Britaniya parlamentinin "Strangers Dining Room" zalında keçirilən tədbirdə Böyük Britaniya parlamentinin üzvləri, Azərbaycan və Türkiyə diasporunun fəalları, mətbuat nümayəndələri, həmçinin Azərbaycanın dostları və incəsənət həvəskarları iştirak ediblər. Münsiflər heyətinə skripkaçı və TEAS-ın incəsənət və mədəniyyət üzrə məsləhətçisi, Nyu York Cilliard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunu Səbinə Rakçeyeva və Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Bob Blekmen daxil idi.

Parlament üzvü B.Blekmen tədbirdə çıxış edərkən deyib: "Bugünkü sərgi 1992-ci ildə baş vermiş Xocalı qətliamının ildönümü münasibətilə keçirilir. Dünya bu məsələyə biganə yanaşıb və təəssüf ki, bu cinayəti törədənlərdən heç kəs məsuliyyətə cəlb edilməyib. Mən Xocalı qətliamının tanınması məqsədilə bu məsələnin Böyük Britaniya parlamentində müzakirəyə çıxarılması təklifi ilə çıxış edəcəyəm. Bu təklifdə BMT Təhlükəsizlik Şurasının Ermənistana qarşı qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsi və ədalətin bəqrərar olunması istənilir".

Münsiflər heyətinin daha bir üzvü, Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib: "Bob Blekmen artıq üç dəfə Azərbaycana səfər edib və Xocalı qırğınında sağ qalan bir çox insanlarla görüşüb. Bədii mükafat üçün təqdim olunmuş işlərin həcmi və keyfiyyəti bizi heyrətləndirdi. Xocalı faciəsi hələ də dünyada az məlum olan hadisə olaraq qalır. Bu hadisə Sovet İttifaqının dağılmasından sonra baş verib. O zaman bir çox münaqişələr və sərhəd mübahisələri olub və Dağlıq Qarabağ dünya mətbuatının diqqətini cəlb etməyib. Bu müsabiqə həmin müdhiş gecədə həyatlarını itirənlərə şəfqətlə yanaşan və bu cür hadisələrin bir daha təkrarlanmayacağı ümidi ilə Böyük Britaniyada yaşayan və təhsil alan hamı üçün açıq idi".

Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, parlament üzvü Mark Menzies deyib: "Azərbaycanın dostu olan və bu ölkəyə səfər etmiş bir şəxs kimi, mən Xocalı qətliamı da daxil olmaqla, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan xalqının üzləşdiyi problemlərlə yaxından tanışam və onların dərdinə şərik çıxıram. Bugünkü tədbir incəsənət vasitəsilə bu məsələyə diqqəti cəlb edir. Mən çox şadam ki, Böyük Britaniyadan bu qədər tələbə rəssam müsabiqədə iştirak edib".

Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və qaçqınların vəziyyətini ən yaxşı təsvir edən rəssamlara "Xocalı Sülh Mükafatı" təqdim olunub.

"Bir yerdə olmaq və birlikdə böyümək" (Staying together and growing together) adlı əsəri ilə kanadalı gənc rəssam Qordon Berqer birinci yeri tutub. Müsabiqədə ikinci yerə "Cənnət quşları" (Birds of Paradise) adlı əsəri ilə britaniyalı gənc rəssam Eileen Anderson, üçüncü yerə isə "İnterfeys" (Interface) adlı əsəri ilə cənubi koreyalı gənc rəssam Seunqjo Jeonq layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti