Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Zati-aliləri, Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırıram.
Hazırda BMT daha davamlı, sağlam və dinc dünya üçün genişmiqyaslı planlar üzərində çalışır. Bu istiqamətdə səylərimizdə biz hər bir ölkənin qlobal vədlərini, xüsusilə Davamlı İnkişaf Məqsədlərini və İqlim Dəyişikliyinə dair Paris Sazişini yerinə yetirəcəyinə inanırıq.
Sizin Respublika Gününüz ölkənizin şərəfli tarixini qeyd etməyə və insan hüquqları, inkişaf və sülh kimi universal dəyərləri bir daha təsdiq etməyə fürsət yaradır.
BMT müxtəlif mədəniyyətlərin ənənələrini bir məqsəd ətrafında birləşdirməklə çox sayda üzvləri əhatə etdiyinə görə olduqca şanslıdır. Ümumi məqsədlərimizə çatmaqda Azərbaycan hökumətinin töhfələri çox əhəmiyyətlidir. Hamımız üçün daha yaxşı gələcək təmin etmək işində hökumətinizin BMT ilə əlaqələrini daha da dərinləşdirəcəyinə inanıram.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".