...

Nazim İbrahimov: Dünya Azərbaycanlılarının IV Qurultayı çox şanlı tarixlərdən biri olacaq

Siyasət Materials 2 İyun 2016 16:36 (UTC +04:00)
Dünya Azərbaycanlılarının IV Qurultayı Azərbaycan diasporu üçün çox şanlı tarixlərdən biri olacaq.
Nazim İbrahimov: Dünya Azərbaycanlılarının IV Qurultayı çox şanlı tarixlərdən biri olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Dünya Azərbaycanlılarının IV Qurultayı Azərbaycan diasporu üçün çox şanlı tarixlərdən biri olacaq. Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu qurultayda dünyanın əksər ölkələrindən 550-dən çox diaspor nümayəndəsi iştirak edəcək.

Dünya Azərbaycanlılarının IV Qurultayının sabah öz işinə başlamasını Azərbaycanın həyatında çox mühüm hadisə kimi dəyərləndirən komitə sədri xatırladıb ki, Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən keçirilib: "Orada ilk olaraq ümummilli lider dünya azərbaycanlılarına Azərbaycan, onun gələcəyi haqqında çox qiymətli tövsiyələrini vermişdi və Azərbaycan diasporunun inkişaf istiqamətlərini göstərmişdi. Onda qərar qəbul olunmuşdu ki, Dünya Azərbaycanlılarının Qurultayı hər zaman keçirilsin. O zaman Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası yaradıldı və o şuranın sədri də Azərbaycan Respublikasının Prezidenti oldu. Artıq biz IV Qurultayı keçiririk".

N.İbrahimov deyib ki, hər bir qurultayda növbərti 5 ildə Azərbaycan diasporu qarşısında duran mühüm vəzifələr, diasporların gələcək fəaliyyət istiqamətləri ölkə Prezidenti tərəfindən qoyulur, tövsiyələr verilir: "Diasporlarımız da növbəti 5 ildə prezidentimizin verdiyi tövsiyələri əsas tutaraq, gələcəkdə Azərbaycanın haqq səsini bütün dünya ölkələrinə çatdıracaq və öz yaşadıqları ölkədə Azərbaycanın qarşılaşdığı problemləri söyləyəcəklər".

Onun sözlərinə görə, IV Qurultay əvvəlki qurultaylardan öz formatı ilə fərqlənəcək: "İndi işimizi daha müasir şəkildə qurmuşuq. Çalışacağıq ki, qurultayda iştirak edən bütün diaspor nümayəndələri çıxış edə bilsinlər. Hesab edirəm ki, bu qurultay diasporlar üçün çox unikal imkandır".

Qeyd edək ki, bu gün Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar və Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini anaraq məzarları üzərinə güllər düzüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti