...

Əli Həsənov Belçika səfiri ilə görüşüb

Siyasət Materials 23 Yanvar 2017 17:37 (UTC +04:00)
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Belçikanın Azərbaycandakı səfiri Bert Skufsunla görüşüb.
Əli Həsənov Belçika səfiri ilə görüşüb

Bakı. Trend:

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu gün Belçikanın Azərbaycandakı səfiri Bert Skufsunla görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, Azərbaycan-Belçika ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında ticarət, təhsil və digər sahələrdə mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu deyən Ə.Həsənov səfirin fəaliyyəti dövründə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Əli Həsənov qeyd edib ki, ölkəmiz böyük uğurlar qazanaraq beynəlxalq aləmdə yüksək nüfuz sahibi olub. Bu gün Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. Sözsüz ki, bu uğurlara Prezident İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olunub.

O, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrilib. Ölkəmizdə Prezidentin təşəbbüsü ilə yeni modellər tətbiq olunur. Asan Xidmət bu sahədə bütün dünya üçün nümunədir. Ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün yaradılmış səmərəli idarəcilik mexanizmi də Azərbaycan modeli olaraq dünyaya nümunədir. Bu gün Azərbaycan öz inkişaf tempinə, tolerantlığına, sülhməramlılığına görə dünyanın diqqət mərkəzindədir, həmçinin təbii resurslarına, yerləşdiyi coğrafi mövqeyinə və müstəqil siyasətinə görə tanınır.Ölkəmiz qoşulduğu bütün konvensiyaları icra edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri və yaranma səbəbləri barədə məlumat verən Baş nazirin müavini bildirib ki, Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalmış və bunun nəticəsində ərazilərimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bildirilib ki, ermənilərin əzəli torpaqlarımıza köçürüldüyü vaxtdan bölgədə etnik və milli zəmində problemlər yaşanıb, azərbaycanlılar kütləvi soyqırımlarına və deportasiyaya məruz qalıblar. Ermənilərin əzəli Azərbaycan torpaqlarına köçürülməsinə 200 il əvvəl başlandığını vurğulayan Ə.Həsənov onların özlərinin 1978-ci ildə ucaltdıqları “Marağa-150” abidəsinin, eləcə də Rusiya imperiyasının arxiv sənədlərinin bunu sübut etdiyini vurğulayıb.

Ə.Həsənov deyib ki, beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqeyini bildiriblər. BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması ilə bağlı 4 qətnaməsi, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Lakin işğalçı Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların qərarlarına riayət etmir. Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur. İndiki status-kvonun davam etməsi Ermənistanı böyük regional layihələrdən kənarda saxlayır, iqtisadi tənəzzülünü daha da sürətləndirir.Azərbaycan Prezidenti münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib və bu istiqamətdə siyasi iradə və ardıcıl mövqe nümayiş etdirir.

Səfirin diqqətinə çatdırılıb ki, ermənilərin dünyanın hər yerində diasporları var və onların yaranma tarixi 200 ili ötür. Dünyada sayca ən böyük erməni diasporası Fransada, maliyə baxımından isə Amerikadadır. Bu imkanlar nəticəsində mənfur qonşularımız Azərbaycan əleyhinə heç bir əsası olmayan informasiyalar yayırlar.

Baş nazirin müavini bildirib ki, Belçikada yerləşən Avropa Parlamenti 2014-cü ildə ədalətsiz qərar çıxarıb. Bu, çox böyük təəccüb doğurub. Avropa Parlamentinin qətnaməsində heç bir əsası olmayan və qərəzli mövqe nümayiş etdirilib. Ancaq Prezident İlham Əliyev Avropa Parlamentinin nüamyəndə heyətini qəbul edərkən öz haqlı mövqeyini onlara çatdırdı və onlar da bununla razılaşdılar.

Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə edən B.Skufs hələ 2012-ci ildə Azərbaycanda olduğunu, ölkəmizin və Bakının gözəlliyinin, həmçinin xalqımızın səmimiliyinin onu valeh etdiyini deyib.

Fəaliyyətinin əsas məqsədinin ölkələrimiz arasında yaxşı münasibətləri davam etdirmək olacağını vurğulayan səfir hər iki ölkənin maraqları daxilində iqtisadi əməkdaşlıq imkanlarını araşdırmaq istiqamətində də səylərini əsirgəməyəcəyini qeyd edib. Belçika şirkətlərinin Azərbaycanda bir çox sahələrdə fəaliyyət göstərdiklərini qeyd edən səfir B.Skufs ölkəsinin iş adamlarının Azərbaycan şirkətləri ilə işləməyə hər zaman açıq olduqlarını bildirib.

Diplomat Azərbaycanın sürətli inkişafını, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğulayıb, ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş strateji yol xəritələri ilə tanış olduğunu və bunun gələcəkdə uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

O, eyni zamanda ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti