...

Prezident İlham Əliyev: Çingiz Qurbanov bir daha düşmənə Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi (YENİLƏNİB-2)

Siyasət Materials 9 Fevral 2017 14:07 (UTC +04:00)
Çingiz Qurbanov bir daha düşmənə Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi.
Prezident İlham Əliyev: Çingiz Qurbanov bir daha düşmənə Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi (YENİLƏNİB-2)

Bakı. Trend:

Çingiz Qurbanov bir daha düşmənə Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Keçən il dekabrın 29-da sizin oğlunuz əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. Böyük diversant qrupu ilə təkbaşına üz-üzə qalmasına baxmayaraq, geri çəkilmədi, qorxmadı. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır. Biz Çingizlə fəxr edirik, bütün Azərbaycan Çingizlə fəxr edir. Bu bir daha göstərmişdir ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. Böyük vətənpərvərlik, peşəkarlıq və rəşadət göstərmişdir".

Azərbaycan Prezidenti vurğulayıb ki, mənfur düşmən bu dəfə də öz qeyri-insani mahiyyətini bütün dünyaya göstərdi:

"Bir aydan çox Çingizin nəşini qaytarmaq istəmirdilər. Azərbaycan dövləti çox böyük səylər göstərmişdir. Eyni zamanda bizim beynəlxalq təşkilatlara müraciətlərimiz də cavabsız qalmamışdır. Biz birgə səylərlə nail olduq ki, Çingizin nəşini Vətənə qaytaraq. Bakıda təntənəli vida mərasimi keçirilmişdir, sonra Çingiz doğulduğu Qusar rayonuna aparılmış və orada da təntənəli mərasimlə torpağa tapşırılmışdır. Fürsətdən istifadə edərək, bütün Qusar rayon sakinlərinə öz hörmətimi bir daha ifadə etmək istəyirəm. Qusarlılar Çingiz kimi qəhrəman övladı Azərbaycana bəxş etmişlər".

İlham Əliyev bildirib ki, dekabr ayındakı növbəti təxribatın məqsədi aydın idi:

"Çünki keçən ilin aprel ayında erməni silahlı qüvvələri bizə qarşı silahlı təxribat göstərməyə cəhd etmişdilər. Ancaq bu təxribat nəticəsində özləri peşman oldular. Azərbaycan Ordusu onlara elə bir zərbə vurdu ki, bu günə qədər də özlərinə gələ bilmirlər. Aprel döyüşlərindən sonra nəinki Ermənistan ordusu, Ermənistan dövləti silkələndi, generallar vəzifələrini itirdilər, Ermənistan cəmiyyətində təşviş hökm sürürdü və bu gün də davam edir".

Dövlət başçısı xatırladıb ki, Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad edib, indi o torpaqlarda bərpa işləri aparılır və Azərbaycan vətəndaşları o torpaqlara qayıdacaqlar:

"Ermənistan çox çalışdı ki, aprel döyüşlərindən sonra bu məsələyə beynəlxalq don geyindirsin, çox çalışdı ki, Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu məsələ ilə bağlı mövqeyini bildirsin. Halbuki bunun üçün heç bir hüquqi əsas yoxdur. Biz öz torpağımızdayıq, bizim Ermənistan torpağına iddiamız yoxdur, baxmayaraq ki, hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Ancaq biz öz torpağımızı heç kimə verən deyilik. Ona görə, aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik və toqquşma bizim daxili işimizdir".

Prezident qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı məhz belə tanıyır və münaqişənin həlli yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər:

"Apreldən sonra Ermənistan müxtəlif yollarla çalışırdı ki, bu məsələyə digər ölkələri cəlb etsin. Ancaq onların bütün səyləri boşa çıxdı, heç bir nəticə vermədi. Məhz Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatın törədilməsi bu məqsədi güdürdü ki, Ermənistan üzv olduğu təşkilatı bu işə cəlb etsin. Bu dəfə də alınmadı. Ona görə ki, Azərbaycan Çingizin simasında bir daha qəhrəmanlıq göstərdi. Ona görə ki, Ermənistan bir daha gördü ki, hətta bir əsgərimiz onların canlı qüvvəsinə bərpaolunmaz zərbə vura bilər və belə də oldu. Biz öz torpağımızı müdafiə edirik, bizim işimiz haqq işidir".

İlham Əliyev bildirib ki, bu məsələdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bütün Azərbaycan cəmiyyəti birdir, həmrəylik göstərir, bu bizim ümumi məsələmizdir və biz haqlıyıq:

"Çünki həm tarix, həm də beynəlxalq hüquq normaları bizim mövqeyimizi müdafiə edir. Eyni zamanda bu gün Azərbaycan Ermənistanla müqayisədə qat-qat üstün ölkədir - təkcə iqtisadi və hərbi potensialına görə yox. Çingiz kimi övladlarımız bizim üstünlüyümüzü bir daha göstərdi. Onun üz-üzə qaldığı insanların sayı 10-dan çox idi. Yəqin ki Çingiz bilirdi ki, ölümə gedir. Yəqin ki bilirdi ki, o, qeyri-bərabər döyüşdən salamat çıxmayacaq. Buna baxmayaraq, o, vətən torpağını müdafiə etmək üçün ölümə getdi və şəhidlik zirvəsinə yüksəldi. Bütün Azərbaycan Çingizlə fəxr edir. Mən sizə minnətdaram ki, belə gözəl övlad böyüdüb Azərbaycana bəxş etmisiniz. Çingiz ölməyib, o bizim ürəyimizdə yaşayır, yaşayacaqdır. O, hərbçi üçün ən yüksək adla təltif olunub, ona "Milli Qəhrəman" adı verilib. O, bizim qəhrəmanımızdır, onun adı əbədiləşdiriləcək və həmişə bizim ürəyimizdə yaşayacaq.

Dünən Çingizin üç mərasimi idi. Mən bu gün sizi dəvət etmişəm ki, yüksək mükafatı - "Milli Qəhrəman" qızıl ulduzunu sizə təqdim edim".

Prezident İlham Əliyev “Azərbaycanın Milli Qəhrəmanı” qızıl ulduzunu şəhidin atası Salman Qurbanova təqdim etdi.

Salman Qurbanov deyib: "Bu ali mükafat təkcə Çingizə deyil, Azərbaycan torpaqları uğrunda canından keçən bütün şəhidlərimizə Sizin tərəfinizdən verilən qiymətdir. Sizə dərin minnətdarlığımı bildirirəm, cənab Prezident. Mən bir şəhid atası kimi, Sizi əmin edirəm ki, Sizin əmrinizlə bu saat da silah götürməyə, Vətənimizin torpağını azad etməyə hazıram. Çox sağ olun, cənab Prezident, Sizə minnətdaram".

Prezident İlham Əliyev: Sağ olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti