...

BMT İnkişaf Proqramı Azərbaycana dəstək olacaq

Siyasət Materials 17 Fevral 2017 13:26 (UTC +04:00)
BMTİP Azərbaycana İqlim Dəyişikliyi üzrə BMT Çərçivə Konvensiyası qarşısında olan öhdəliyini yerinə yetirmək üçün dəstək olacaq.
BMT İnkişaf Proqramı Azərbaycana dəstək olacaq

Bakı. Trend:

BMTİP Azərbaycana İqlim Dəyişikliyi üzrə BMT Çərçivə Konvensiyası qarşısında olan öhdəliyini yerinə yetirmək üçün dəstək olacaq.

Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyi və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatı Çərçivə Konvensiyası (UNFCCC) üçün Dördüncü Milli Kommunikasiya və İkinci İki illik Hesabat üzrə layihə imzalayıb.

BMTİP-nin Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, layihə Qlobal Ekoloji Fond (GEF) tərəfindən maliyyələşdirilib və nazirliklə BMTİP-nin sıx əməkdaşlığı nəticəsində hazırlanıb. Layihənin ümumi büdcəsi 852 min dollardır. Yeni layihə Azərbaycan hökumətinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi vasitəsilə Konvensiya qarşısında davamlı olaraq hesabat verməyə dəstək olacaq. Bu layihə Azərbaycanda sonrakı iqlim dəyişikliyi gündəliyini kənd təsərrüfatı, enerji, nəqliyyat, tikinti, meşə təsərrüfatı kimi iqtisadiyyatın digər sahələri üzrə mühüm məlumatın toplanması, təhlili, ümumiləşdirilməsi, eləcə də BMT Katibliyinə təqdimatı vasitəsilə təkmilləşdirəcək. Bu, həmçinin yerli ekspertlərin məlumatların yeni üsulla toplanması və təhlili üzrə texniki və metodologiyanın tətbiqi bacarıqlarını təkmilləşdirəcək.

BMTİP-in rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycan hökuməti tərəfindən qəbul edilmiş və 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM-lər) nail olmaq üçün bu əməkdaşlığın vacibliyini vurğulayır: “Biz yoxsulluğu aradan qaldıra biləcək ilk, iqlim dəyişikliyinin təsirlərinin qarşısını ala biləcək son nəsilik. Dayanıqlı İnkişaf Məqsədləri bizim əməkdaşlığımız üçün yeni qapılar açır və birgə fəaliyyətimiz üçün yeni imkanlar yaradır. Qlobal məsələlərə verilən bu töhfələr Azərbaycanın beynəlxalq mövqeyini bu sahədə gücləndirəcək”.

Ümumi istixana qazı payının təxminən 0,1% payına sahib olmasına baxmayaraq, Azərbaycan nəinki yalnız iqlim dəyişikliyinə uyğunlaşma üzrə, həmçinin onun azadılmasına yönəli layihə və tədbirlər həyata keçirir. Yeni təsdiqlənən Paris Razılaşmasına əsasən Azərbaycan iqlim dəyişikliyinin azaldılması səyləri kimi 1990-cı il göstəricisi ilə müqayisədə 2030-cu ilədək istixana qazlarının 35%-nin azadılmasına nail olmağı könüllü olaraq öz öhdəliyinə götürüb. Azərbaycan həyata keçirilən fəaliyyət və nəticələrlə bağlı mütəmadi olaraq hesabat verir. Hökumət artıq 2001, 2010 və 2016-ci illərdə müvafiq olaraq İqlim Dəyişikliyi üzrə BMT Çərçivə Konvensiyasının Birinci İkinci və Üçüncü Kommunikasiyalarını hazırlayaraq təqdim edib.

BMT-nin İnkişaf Proqramı yoxsulluğun ləğvinə nail olmaq, eləcə də bərabərsizlik və ayrı-seçkiliyin azaldılmasına yardım etmək üçün 170-ə yaxın ölkə və ərazilərdə fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatının inkişaf agentliyidir. Agentlik əldə olunan inkişaf nəticələrini saxlamaq naminə siyasət, liderlik qabiliyyəti, şəbəkələşmə və institusional bacarıqların inkişaf etdirilməsində və dayanıqlığın yaradılmasında ölkələrə kömək edir. BMTİP Azərbaycan hökumətinin ekologiya və təbii sərvətlər sahəsində uzunmüddətli tərəfdaş kimi nüfuza malikdir.

UNFCCC Rio-de-Janeyroda keçirilmiş Dünya Sammitində aparılan danışıqlar nəticəsində 21 mart 1994-cü il tarixində qüvvəyə minmiş beynəlxalq ətraf mühit müqaviləsidir. UNFCCC-nin məqsədi planetimizi zərərdən qorumaq üçün atmosferdə olan istixana qazlarının səviyyəsini sabitləşdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti