Bakı. Trend:
Pakistanın “Election Times” qəzetinin həftəlik xüsusi buraxılışında və elektron portalında Azərbaycan-Pakistan diplomatik münasibətlərinin yaranmasının 25 illiyinə həsr olunmuş “Diplomatik əlaqələrin 25-ci ildönümü. Azərbaycan-Pakistan ikitərəfli münasibətləri: yeni imkanlar və yeni perspektivlər”, “Azərbaycanın strateji yol xəritəsi”, “Azərbaycan: regional iqtisadi lider” və “Xocalı Soyqırımı və Dağlıq Qarabağ münaqişəsinin həlli” sərlövhəli məqalələrdə hər iki ölkənin və xalqın qədim tarixə söykənən möhkəm siyasi, mədəni və iqtisadi əlaqələrə, birgə dəyərlərə malik olduğu qeyd olunub.
Azərbaycan və Pakistan xalqları arasında müştərək mədəni amillər səbəbi ilə siyasi və mədəni, Qədim İpək Yolu vasitəsilə ticarət və iqtisadi əlaqələrin gətirdiyi yaxınlığın, ölkələrin müasir əlaqələrində də öz rolunu oynamağa davam etdiyi bildirilən yazılarda, müstəqilliyini qazandıqdan sonra Azərbaycanı ilk tanıyan dövlətlərdən olan Pakistanın demək olar bütün məsələlərdə Azərbaycanla həmfikir olduğu bildirilib. Belə ki, həm ikitərəfli, həm də beynəlxalq platformada hər iki dövlət bir-birini dəstəkləməyə davam edib.
Buraxılışda Pakistan baş naziri Nəvaz Şərifin Azərbaycana son səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlərdə ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, eyni zamanda müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldiyi, Azərbaycan Prezidentinin Azərbaycanda ticarət sahəsində fəaliyyət göstərəcək birgə müəssisələr yaradılmasının, həmçinin Pakistanın Azərbaycanın iştirakçısı olduğu nəqliyyat layihələrindən faydalanmasının mümkünlüyünü ifadə etdiyi öz əksini tapıb. Pakistan baş naziri də, son 25 ildə təqdirəlayiq tərəqqi əldə etmiş Azərbaycanın bütün İslam ölkələri üçün qürur mənbəyi və inkişaf etməkdə olan ölkələr üçün örnək təşkil etdiyini bildirib.
Yazılarda ikitərəfli iqtisadi münasibətləri də strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq istiqamətində iqtisadi və ticarət əlaqələrinin inkişafı, eləcə də investisiyaların cəlbi, nəqliyyat layihələrinə qoşulma, birgə ticarət təşkilatlarının təsis edilməsi və s. təklif edilib. Xüsusi buraxılışda qlobal iqtisadi hadisələrə çevik reaksiya verən Azərbaycan Prezidentinin sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin müəyyənləşdirildiyi qeyd olunmuş, maliyyə, bank, özəlləşdirmə, xarici investisiyanın cəlbi, ixracın artması və digər hədəflərə nail olmağa yönəlmiş “strateji yol xəritələri” təsbit olunduğu vurğulanmışdır. Xüsusi buraxılışda bildirilmişdir ki, “Yol xəritələrinin” həyata keçirilməsi ilə Azərbaycan iqtisadiyyatı tamamilə müasir mahiyyət kəsb edəcək və əhalinin rifahı daha da yüksələcək.
Buraxılışda həmçinin, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, Ermənistanın terrorçuluq və işğalçılıq siyasəti ifşa edilib, Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevral ayının 25-də Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının bütün beynəlxalq hüquq normalarına əsasən, soyqırım olduğu oxucuların diqqətinə çatdırılıb, Pakistanın hər zaman Azərbaycanın haqlı mövqeyinə dəstək verdiyi vurğulanıb.