Bakı. Trend:
Azərbaycanın Ukrayndakı səfiri Azər Xudiyev və Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis polkovniki Şahin Qocayev Ukrayna Milli Polisinin rəhbəri Sergey Knyazevə görüşüblər.
Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə S.Knyazevə Azərbaycan DİN-in təbrik məktubu və Bakıya dəvəti çatdırılıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən A.Xudiyev Ukrayna və Azərbaycan arasında tarixi dostluq əlaqələrindən və çox yaxın və etibarlı strateji müttəfiqlik münasibətlərindən geniş söhbət açaraq ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə artan dinamika ilə inkişafından danışıb.
Ş.Qocayev S.Knyazevə son illər azərbaycanlılara qarşı törədilmiş cinayət faktlarından danışıb, bu günədək tədbirlər görülmədiyini və bir çox cinayət hadisələrinin araşdırılmaması nəticəsində heç bir cinayət hadisəsinin hüquqi qiymət almaması faktını çatdırıb.
S.Knyazev, öz növbəsində, qonaqlara təşəkkürünü bildirərək rəhbərlik etdiyi orqanın Azərbaycan DİN ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, cinayət hadisələrinin araşdırılmasını və layiqli hüquqi qiymət almasını birbaşa nəzarətə alacağını bildirib.