...

YAP Masallı rayon təşkilatının IX konfransı keçirilib (FOTO)

Siyasət Materials 8 İyun 2017 17:39 (UTC +04:00)
Növbəti belə tədbir partiyanın Masallı rayon təşkilatında keçirilib.
YAP Masallı rayon təşkilatının IX konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarında konfransların keçirilməsi davam edir.

Növbəti belə tədbir dünən partiyanın Masallı rayon təşkilatında keçirilib. Konfrans iştirakçıları əvvəlcə YAP-ın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. N.Gəncəvi adına Masallı Şəhər Mədəniyyət Evində davam edən tədbirdə YAP Masallı rayon təşkilatının konfranslararası müddətdə fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbirin rəsmi hissəsində YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir: “Bu tərəqqini hər bir Azərbaycan vətəndaşı rifah halının yüksəlməsi, özünün sosial vəziyyətinin yaxşılaşması şəklində görür, yaşayır və hiss edir. Eyni zamanda bütün regionlarımızda genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, mövcud problemlərin həll edilməsi, kəndlərimizin, şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafına əyani sübutdur. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan regionun lider dövlətinə çevrilməklə bərabər, həm də beynəlxalq aləmdə güclü dövlət və etibarlı tərəfdaş kimi tanınmışdır. Yeni Azərbaycan Partiyasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, yeni nailiyyətlərə imza atır. Azərbaycan dünya miqyasında idman, multikulturalizm, dini, milli tolerantlıq və bir çox digər sahələr baxımından nümunəvi ölkəyə çevrilib. Azərbaycanın Birinci Avropa Oyunlarına ev sahibliyi etməsinin, ötən il ölkəmizdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, eləcə də möhtəşəm idman və əyləncə şousu Formula-1 üzrə Avropa Qran-prisinin və bu il Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının xüsusi əhəmiyyəti var. Bütün bunlar göstərir ki, müstəqil Azərbaycan dövləti 25 il ərzində sürətlə inkişaf edib”.

S.Əliyev çıxışının davamında bildirib ki, tarixi zəruriyyətdən meydana gələn Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması ilə bağlı əsas rolu öz üzərinə götürüb: “Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illər ərzində ölkə həyatında əhəmiyyətli dəyişikliklər müşahidə olunmuş və hər bir vətəndaşın yaşayış səviyyəsindəciddi irəliləyişlər baş vermişdir. Bu gün qürur hissi ilə qeyd etməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının sıralarında 700 minə yaxın vətəndaşımız birləşir. Azərbaycan tarixində indiyə qədər 700 min üzvü olan siyasi təşkilat olmayıb. YAP-ın avanqard qüvvələrindən olan Masallı rayon təşkilatının üzvləri də ötən dövr ərzində rayonumuzun ictimai-siyasi həyatında yaxından iştirak edib, aparılan abadlıq-quruculuq işlərində fəallıq göstərmişlər. YAP Masallırayon təşkilatı konfranslararası dövr ərzində öz fəaliyyətini partiyanın Nizamnaməsi və Proqram müddəalarının, Yeni Azərbaycan Partiyasının qurultaylarının qərarlarının, İcra Katibliyinin tapşırıq və tövsiyyələrinin rəhbər tutulması əsasında tam dəqiqliyi ilə həyata keçirmişdir. Ötən illər ərzində rayon təşkilatı mükəmməl şəkildə təşkilatlanmış, işini günün tələbləri səviyyəsində quraraq yüksək nəticələr əldə etmiş, ərazi ilk partiya təşkilatların sayını 90-dan 105-ə, partiya üzvlərinin sayının 7634 nəfərdən 11083 nəfərə çatmasına nail olmuşdur. Rayon təşkilatının qeydiyyatında olan 11083 nəfər partiya üzvündən 29.1%-ni, yəni 3221 nəfərini qadınlar, 28.2%-ni, yəni 3126 nəfərini gənclər təşkil edir. Üzvlərin 31.3%-i, yəni 3470 nəfəri ali təhsilli, 19.4%-i, yəni 2142 nəfəri orta ixtisas təhsillidir. Fəaliyyət sahələrinə görə elm, mədəniyyət və incəsənətdə 316 nəfər, idarəetmə orqanlarında 168 nəfər, səhiyyədə 552 nəfər, təhsildə 2227 nəfər partiya üzvləri çalışır. Eləcədə üzvlərin 488 nəfəri təqaüdçü, 127 nəfəri isə tələbədir. Ötən dövr ərzində partiya sıralarına 3449nəfər daxil olmuşdur ki, onlardan 37,8%-i, yəni 1268 nəfəri qadınlar, 47%-i, yəni 1579 nəfəri gənclərdir”.

Sonra Nəzarət-Təftiş Qrupunun hesabatı dinlənilib. YAP Masallı rayon təşkilatının Şura üzvü Qardaş Fətullayev, Qadınlar Şurasının sədr müavini Əntiqə Tağıyeva və təşkilatın Gənclər Birliyinin üzvü Sübhan Şiriyev təşkilatın fəaliyyəti haqqında fikirlərini bildiriblər.

YAP Masallı rayon təşkilatının IX konfransında Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixi, o dövrdə baş verən proseslər haqqında geniş məlumat verib. İcra başçısı qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürüb: “YAP Azərbaycan siyasi palitrasında milli-siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir”.

YAP Siyasi şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. O dövrdə hakimiyyətdə olan siyasi qüvvələr tərəfindən Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə imkan verilmədiyindən konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi. Respublikanın şəhər və rayonlarından 550 nəfərdən artıq nümayəndənin iştirak etdiyi konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqramı və Nizamnaməsi qəbul edildi. Konfransda ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri, partiyanın Siyasi Şurası və İdarə Heyəti seçildi. Beləliklə, YAP böyük bir güc mərkəzi kimi ölkənin ictimai-siyasi həyatına daxil oldu. Ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

V.Rəhimzadə qeyd edib ki, öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. Həyat çoxdan sübuta yetirib ki, ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya mövcud deyil. Azərbaycan Prezidenti, partiyamızın Sədri İlham Əliyevin vurğuladığı kimi, artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı Nəriman Əliyev, Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri İbrahim Yusifzadə çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, keçdiyi inkişaf yolu, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakı barədə geniş söz açıblar.

Konfransda daha sonra təşkilati məsələlər müzakirə edilib, Seyfəddin Abusət oğlu Əliyev yenidən YAP Masallı rayon təşkilatının sədri seçilib. Konfransda yeni tərkibdə rayon təşkilatının Şurası, İdarə Heyəti, eləcə də Nəzarət-Təftiş qrupu seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti