Bakı. Ləman Zeynalova - Trend:
“Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının yekunları üzrə Bakı Bəyannaməsi qəbul edilib.
Trend-in məlumatına görə, Bəyannamədə deyilir:
"Biz BMT nizamnaməsi və orada əks olunan ölkələrin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı, millətlərin suveren bərabərliyi, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə dair öhdəliyimizi təsdiq etdik".
Bəyannamə müəllifləri regionda sabitlik, sülh və rifahı təmin etmək üçün "Asiyanın ürəyi" prosesində iştirak edən ölkələr arasında siyasi dialoqun və məsləhətləşmələrin intensivləşdirilməsinin vacibliyini bir daha təsdiqləyib.
Qeyd edək ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub.