Bakı. Trend:
Cənub Qaz Dəhlizinin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Bolqarıstanın Baş naziri Boyko Borisovla birgə mətbuata bəyanatla çıxışında deyib.
Prezident İlham Əliyev bildirib: "Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiq etdik ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək. İqtisadi sahədə biz çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmini artıraq. Hazırda bu, lazımi səviyyədə deyil. Müvafiq göstərişlər verildi ki, qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılsın. Hesab edirəm ki, qarşılıqlı sərmayə qoyuluşu üçün də yaxşı imkanlar var və biz bu istiqamətdə də işləyəcəyik".
Dövlət başçısı vurğulayıb ki, bu gün danışıqların əsas mövzusu energetika sahəsi ilə bağlı olub: "Bildiyiniz kimi, bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan birlikdə digər ölkələrlə bərabər Cənub Qaz Dəhlizinin icrasını təmin edirlər. Azərbaycanın zəngin qaz yataqları vardır".
Prezident İlham Əliyev qeyd edib ki, Cənub Qaz Dəhlizinin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaq: "Cənub Qaz Dəhlizinin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaqdır. Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın gələcəkdə Azərbaycan qazı da eyni funksiyanı daşıyacaqdır. Cənub Qaz Dəhlizinin icrası uğurla gedir. “Şahdənz-2” layihəsinin icrası 99 faizə çatıbdır. “Şahdəniz-2” Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. Eyni zamanda, bu il TANAP layihəsinin başa çatması nəzərdə tutulmuşdur. Bu layihənin icrası da 90 faizə çatıbdır. Beləliklə, bütün işlər qrafik üzrə gedir və bu nəhəng layihə uğurla icra edilir. Cənub Qaz Dəhlizinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaqdır və biz şadıq ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir".