Bakı. Trend:
Bakı-Sofiya aviareysi turizmin inkişafına təkan verəcək və Bolqarıstan-Azərbaycan dostluğunu daha da möhkəmləndirəcək.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Bolqarıstanın Baş naziri Boyko Borisovla birgə mətbuata bəyanatla çıxışında deyib.
Dövlət başçısı bildirib: "Cənab Baş nazir, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əgər belə demək mümkündürsə, biz 2018-ci ili Azərbaycanda Sizin səfərinizlə açırıq. Bu il birinci xarici qonaq dost ölkənin Baş naziri cənab Boyko Borisovdur.
Bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Biz siyasi sahədə fəal əməkdaşlıq edirik. Yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir. Mən dəfələrlə Bolqarıstanda səfərdə olmuşam. Cənab Baş nazir Azərbaycana üçüncü dəfədir ki, səfər edir. Cənab Borisov keçən dəfə 2015-ci ildə Azərbaycanda səfərdə idi. O vaxt cənab Baş nazir birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmişdir. Biz Azərbaycanda Sizin bu mərasimdə iştirakınızı yüksək qiymətləndiririk, bunu yadda saxlayırıq və bir daha buna görə Sizə minnətdarıq.
Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiq etdik ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək. İqtisadi sahədə biz çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmini artıraq. Hazırda bu, lazımi səviyyədə deyil. Müvafiq göstərişlər verildi ki, qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılsın. Hesab edirəm ki, qarşılıqlı sərmayə qoyuluşu üçün də yaxşı imkanlar var və biz bu istiqamətdə də işləyəcəyik".
Prezident deyib ki, bu gün danışıqların əsas mövzusu energetika sahəsi ilə bağlı idi: "Bildiyiniz kimi, bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan birlikdə digər ölkələrlə bərabər Cənub Qaz Dəhlizinin icrasını təmin edirlər. Azərbaycanın zəngin qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Cənub Qaz Dəhlizinin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaqdır. Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın gələcəkdə Azərbaycan qazı da eyni funksiyanı daşıyacaqdır. Cənub Qaz Dəhlizinin icrası uğurla gedir. “Şahdənz-2” layihəsinin icrası 99 faizə çatıbdır. “Şahdəniz-2” Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. Eyni zamanda, bu il TANAP layihəsinin başa çatması nəzərdə tutulmuşdur. Bu layihənin icrası da 90 faizə çatıbdır. Beləliklə, bütün işlər qrafik üzrə gedir və bu nəhəng layihə uğurla icra edilir. Cənub Qaz Dəhlizinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaqdır və biz şadıq ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir.
Bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq, biz bu gün cənab Baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər".
İlham Əliyev vurğulayıb ki, Azərbaycan ölkə daxilində qazlaşdırmanı uğurla icra edir: "Hazırda ölkəmizin 93 faizi qazlaşdırılıb və cari ilin sonuna qədər bu rəqəm 95 faizə çatacaqdır. Bununla paralel olaraq, digər ölkələrdə də SOCAR qazlaşdırma ilə bağlı investor kimi fəaliyyət göstərir, o cümlədən Gürcüstanda və Albaniyada. Albaniyanın qazlaşdırılması ilə bağlı müvafiq memorandum imzalanmışdır. Hesab edirəm ki, Bolqarıstanda da qazlaşdırma ilə bağlı SOCAR-ın investor kimi fəaliyyəti həm SOCAR üçün, həm Bolqarıstan istehlakçıları üçün önəmli hadisə ola bilər. Müvafiq göstərişlər verilmişdir və əminəm ki, danışıqlar tezliklə başlanacaq.
Mən cənab Baş nazirə məlumat verdim ki, keçən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun Bakıda təntənəli açılışı olmuşdur. Bu dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu, Avropa ilə Asiya arasında ən qısa nəqliyyat marşrutu olacaqdır. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu işləyir və məsafə baxımından Avropa və Asiya arasında ən qısa yoldur. Vaxt baxımından isə cəmi iki həftə ərzində Asiyadan Avropaya yüklər bu dəhliz vasitəsilə daşına bilər. Əlbəttə, Bolqarıstan da bu dəhlizin üzərində yerləşdiyi üçün biz göstərişlər verdik ki, müvafiq qurumlar bu məsələni də müzakirə etsinlər və yükdaşımalarının artırılması istiqamətində işlər görülsün.
Bildiyiniz kimi, sabah Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcəkdir. Azərbaycanın “Buta Airveys” şirkəti birinci reysi icra edəcək. Bu da çox əlamətdar hadisədir".
Dövlət başçısı əlavə edib ki, bu reys insanları bir-birinə daha da sıx bağlayacaq, insanlararası əlaqələr güclənəcək, turizmin inkişafına təkan veriləcək və bir sözlə, Bolqarıstan-Azərbaycan dostluğunu daha da möhkəmləndirəcəkdir:
"Onu da qeyd etməliyəm ki, biz humanitar sahədə də əməkdaşlığımızı dərinləşdiririk. Azərbaycanda Bolqarıstanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına çox böyük maraq var. Bakı Slavyan Universitetində bolqar dili və ədəbiyyatı mərkəzi fəaliyyət göstərir. Əlbəttə ki, humanitar sahədəki əməkdaşlıq, insanlar arasındakı ünsiyyət bizim dostluğumuzu daha da möhkəmləndirir və möhkəmləndirəcəkdir.
Mən Baş nazir Borisova Bolqarıstanın Avropa İttifaqına sədrliyi ilə bağlı təbriklərimi çatdırdım. Bu, Bolqarıstanın böyük uğurudur və böyük məsuliyyətidir. Əminəm ki, Bolqarıstan bu şərəfli missiyanı uğurla icra edəcək. Eyni zamanda, Bolqarıstanın sədrliyi dövründə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradılacaq, xüsusilə hazırda Avropa İttifaqı ilə biz yeni saziş üzərində iş aparırıq və danışıqlar çox uğurla davam etdirilir.
Bir sözlə, əziz dostlar, qonaqlar, sizin səfərinizə biz çox böyük əhəmiyyət veririk. Bolqarıstan bizim üçün yaxın, dost ölkədir, sizin səfəriniz bu dostluğu daha da möhkəmləndirir. Sağ olun".