...

Baş nazir: Bolqarıstana 1 milyard kubmetr Azərbaycan qazının sərfəli qiymətlərlə çatdırılması məsələsi həllini tapacaq

Siyasət Materials 15 Yanvar 2018 21:03 (UTC +04:00)
Bolqarıstana 1 milyard kubmetr həcmində Azərbaycan qazının sərfəli qiymətlərlə çatdırılması məsələsi həllini tapacaq.
Baş nazir: Bolqarıstana 1 milyard kubmetr Azərbaycan qazının sərfəli qiymətlərlə çatdırılması məsələsi həllini tapacaq

Bakı. Trend:

Bolqarıstana 1 milyard kubmetr həcmində Azərbaycan qazının sərfəli qiymətlərlə çatdırılması məsələsi həllini tapacaq.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın Baş naziri Boyko Borisov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.

B.Borisov qeyd edib: "Hörmətli cənab Prezident. Qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm. Trapezitsa kompleksi üçün görülən işlərə görə Sizə minnətdarlığımı bildirmək istərdim. Bizim Prezident cənab Radevin salamlarını Sizə çatdırmaq istərdim. Mən ümidvaram ki, Siz bu ilin ikinci yarısında ölkəmizə işgüzar səfər edəcəksiniz və biz Sizin rəhbərliyinizlə böyük nümayəndə heyətini qəbul edə biləcəyik.

Mən Sizin söylədiklərinizi təkrar etmək istəməzdim. Lakin mən Sizin dediklərinizin Bolqarıstan üçün əhəmiyyətini qeyd etmək istərdim. Bolqarıstan ərazisinin cəmi 3 faizi qazlaşdırılıb. Eyni zamanda, biz qeyd edə bilərik ki, son günlər, xüsusən də qış dövründə hava çirklənir, özü də səbəb sənaye istehsalı və avtonəqliyyat deyil, məişətdə odun və kömürün yanacaq kimi istifadə olunmasıdır. Biz istərdik, elə məişət yanacağından istifadə olunsun ki, ətraf mühitə zərər yetirilməsin".

Baş nazir vurğulayıb ki, SOCAR-ın dəstəyi və Azərbaycan qazının tədarükü sayəsində qonşu Gürcüstan qazlaşdırılıb: "Biz çoxdandır ki, Bolqarıstanın qazlaşdırılması üçün iki variantın mövcudluğu barədə danışırıq. Ümid edirik ki, iyun ayında Yunanıstanda interkonnektorun tikintisi başlayacaq və iyulda Türkiyə ilə sərhəddə interkonnektor işə düşəcək. Qeyd etmək istərdim ki, hörmətli Prezident İlham Əliyevin xeyir-duası ilə bizim şirkətlə SOCAR arasında 1 milyard kubmetr həcmində Azərbaycan qazının sərfəli qiymətlərlə çatdırılması məsələsi həllini tapacaq. Əgər hörmətli Azərbaycan Prezidentinin dəstəyi ilə ölkəmizin qazlaşdırılmasına nail olsaq, biz əhalinin sosial cəhətdən zəif təbəqəsi üçün qazın təchizatı mümkünlüyünü təmin edə biləcəyik və onlar daha odundan, kömürdən istifadə etməyəcəklər. Hər iki ölkənin energetika və iqtisadiyyat nazirlərinin iştirakı ilə bu işin həyata keçirilməsi üçün miqdar və müddətə dair plan tətbiq ediləcək. Çünki Azərbaycan tərəfi qazın təchizatının ən sərfəli qiymətlərini təklif edir. Bir milyard kubmetr qaz Bolqarıstanda böyük sayda evləri məişət qazı ilə təmin edəcək.

Nəqliyyat dəhlizlərinə gəlincə, mən xatırlayıram ki, Prezident Əliyevlə çoxdankı ilk görüşümüz zamanı biz bir çox ölkələrin sabotaj etdiyi Azərbaycan və Türkiyə arasında dəmir yolu dəhlizinin inkişafı perspektivləri barədə danışırdıq. Bu isə Avropaya ən qısa nəqliyyat dəhlizidir. Biz, həmçinin bunun inkişafı üçün öz dəmir yolu şəbəkələrimizi hazırlayırıq. Bu, həm Azərbaycan, həm Qazaxıstan, həm də Çinlə əlaqə deməkdir. Bu nəqliyyat qovşağı bizim dəmir yolu stansiyalarımıza, oradan isə bütün Avropa ölkələrinə çıxa bilər. Bizim “Berlin Prosesi”nə əsasən 8 nömrəli, 10 nömrəli nəqliyyat dəhlizlərinə dair birgə gördüyümüz işlər bu yolların Skopyeyə gəlib çatmasına imkan verəcək. Mən Bolqarıstanla müqaviləni ratifikasiya edən makedoniyalı dostlarımızı təbrik etmək istərdim. Bu, çox vacib müqavilədir. Ümid edirik ki, onu sonra bütün ölkələr imzalaya biləcəklər".

B.Borisov əlavə edib ki, bu nəqliyyat dəhlizi Albaniyaya çıxan dəmir yolu xəttinin bir qoludur və avtomobil yolu yaxşı imkanlar açır: "Solonikidən şaxələnən avtomobil yolunda iki körpü mövcuddur - Vrusi və Vedeno-Sofiburkas körpüləri. Sofi-Soloniki avtomobil yolunun üçdə iki hissəsi işlək vəziyyətdədir və gələn il tam istifadəyə veriləcək. Hər iki tərəfə böyük həcmdə yüklər daşına biləcək. İcazə verin, Sizi bu dəmir yolunun tikintisinə dair maneələrin aradan qaldırılması münasibətilə təbrik edim. Çox gözəldir ki, bu yol artıq işləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti