...

USAID: ABŞ inkişaf sahəsində Azərbaycanla işləməyə sadiqdir

Siyasət Materials 27 Fevral 2018 19:59 (UTC +04:00)
USAID Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Brok Birman Azərbaycanda səfərdədir.
USAID: ABŞ inkişaf sahəsində Azərbaycanla işləməyə sadiqdir

Bakı. Trend:

ABŞ inkişaf sahəsində Azərbaycanla işləməyə sadiqdir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bunu fevralın 25-dən Azərbaycanda üç günlük səfərdə olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Brok Birman deyib.

B.Birman ABŞ və Azərbaycan arasında ikitərəfli əməkdaşlığı müzakirə etmək üçün vergilər naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov, kənd təsərrüfatı naziri Heydər Əsadov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və digər hökumət nümayəndələri ilə görüşüb.

B.Birman Azərbaycanda göstərilən xarici yardımı müzakirə etmək üçün ölkədə təmsil olunan beynəlxalq təşkilatlar və qurumlarla, o cümlədən Avropa Birliyi, BMT, Avropa Şurası, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə görüşlər keçirib. Bundan əvvəl isə o, həmçinin vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşərək onların fəaliyyətləri barədə öyrənib.

“Bizmi məqsədimiz ölkələrlə birgə işləyərək onların inkişaf sahəsində tərəfdaşı olmaqdır. Azərbaycan üçün daha təhlükəsiz, demokratik və firavan gələcəyin qurulmasında ABŞ-ın Azərbaycanla birgə çalışmağa sadiq olduğunu vurğulamaq üçün buradayam. Azərbaycanın inkişafına daha səmərəli töhfə verə bilməyimiz üçün Azərbaycan hökuməti tərəfindən daha çox dəstəyə ümid edirik".

28 fevral tarixində B.Birman Xaçmaza səfər edərək yerli icma üzvləri, habelə USAID və Azərbaycan hökumətinin dəstəklədiyi layihələrdən faydalanan şəxslərlə görüşəcək.

Bu, B.Birmanın Azərbaycana ikinci səfəridir. İlk dəfə o, 2003-cü ildə Avropa və Avrasiya Bürosunda Aparat rəhbəri olduqda gəlib. Birman Rod Aylend ştatının Nümayəndələr palatası, USAID, ABŞ Fövqəladə Halların İdarəedilməsi Federal Agentliyi, ABŞ Daxili İşlər Departamenti, habelə özəl sektorda tutduğu aparıcı vəzifələrdə böyük təcrübəsi vardır və region haqqında xeyli bilgiyə malikdir. 2002-2007-ci illərdə o, Avropa və Avrasiya Bürosunda Aparat rəhbəri işləyib. Bu vəzifədə o, Büronun strateji prioritetlərini həyata keçirib, habelə region daxilində münaqişə nəticələrinin aradan qaldırılması, demokratiya, səhiyyə və ticarət sahəsində təşəbbüslərə nəzarət edib. O həmçinin Büronun ictimai fəaliyyətlərinin bütün aspektlərini idarə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti