Bakı. Cani Babayeva - Trend:
"Prezident seçkiləri yüksək səviyyədə keçir. Saat 17.00-a qədər seçicilərin 70 faizi səsvermədə iştirak edib".
Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakının 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verərkən jurnalistlərə bildirib.
R.Mehdiyev əlavə edib ki, bu seçkilər tarixdə vacib hadisə kimi qalacaq: "Çünki Azərbaycan 15 ildə çox irəli gedib, böyük nailiyyətlər əldə edib, dünyada tanınıb, öz yerini tutub. Beynəlxalq səviyyədə, iqtisadiyyat sahəsində, sosial məsələlərin həllində çox problemlər öz həllini tapıb. Bütün bunlara görə də seçicilərin səsvermədə fəal iştirakı gözlənilən idi".
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.
Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.